İsraildə aparılan arxeoloji qazıntılar zamanı Negev səhrasında yerləşən Tel-Malxata yaxınlığında 1500 il əvvəlki xristian qəbiristanlığında nadir tapıntılar aşkar edilib. Arxeoloqlar burada iki qadın və bir uşağa məxsus üç məzar üzərində çalışarkən, içərisində qara ağacdan və sümükdən hazırlanmış afrikalı insan fiqurlarına rast gəliblər.
Qaynarinfo "Live Science" nəşrinə istinadən xəbər verir ki, bu fiqurlar çox güman bəzək kimi boyundan asılıb gəzdirilib və dəfn edilən şəxslərin ulu babalarını təmsil edə bilər. Tədqiqatçılar düşünür ki, bəlkə də bu insanlar və ya onların əcdadları Afrikadan gəlib, xristianlığı qəbul etdikdən sonra Negevə köçüblər.
İsrail Qədim Əsərlər İdarəsinin bəyanatında deyilir: "Bu fiqurlar ölkənin cənubunda 1500 il əvvəl xristian icmasının yaşadığını göstərir və bu icmanın bəzi üzvləri Afrika mənşəli ola bilərdi".
Qəbiristanlıq Tel-Malxatanın şimal-şərqində yerləşir və Roma-Bizans dövrünə, yəni eramızın VI–VII əsrlərinə aiddir. Bu ərazi 1970-ci illərdən bəri araşdırılır və burada Orta Tunc dövrünə (e.ə. 2000–1500-cü illər) qədər uzanan məskunlaşma izlərinə rast gəlinib. Alimlər bildirir ki, Tel-Malxata qədim dövrlərdə ərəb ölkələri və digər bölgələrdən gələn lüks malların daşındığı mühüm ticarət yollarının kəsişdiyi nöqtədə yerləşir.
Bu ticarət əlaqələri sayəsində bölgəyə qara ağac gətirilib. Burada aşkar edilən qara ağac fiqurlar isə Seylondan (indiki Şri-Lanka) və Hindistanın cənubundan olan Diospyros ebenum növünə aiddir. Bizans imperiyası IV əsrdə Hindistan və Şri-Lanka ilə ticarətə başlayaraq, oradan ədviyyat, pambıq, ipək və qara ağac kimi məhsullar idxal edirdi. Fiqurların tapıldığı məzarlar isə bu ticarət dövründən bir neçə əsr sonra, VI–VII əsrlərə aiddir.
Beş fiquradan üçü sümükdən, ikisi isə qara ağacdan hazırlanıb. Sümük fiqurlar Neolit dövründən bəri dəfn və ev ritual məqsədləri üçün istifadə olunub. Lakin qara ağacdan hazırlanmış fiqurlar olduqca nadirdir. Tədqiqatçılar bildirir:
"Baxmayaraq ki, ölən şəxslər xristian üslubunda dəfn edilib, fiqurlar onların əcdadlarını təmsil edə bilər və bu, xristianlığı qəbul etdikdən sonra belə nəsildən-nəslə ötürülən mədəni ənənələrin izlərini göstərir".
Birinci qəbir məzarı 18–21 yaşlarında gənc qadına aiddir. O, bir neçə dəfn əşyası ilə birlikdə torpağa tapşırılıb: şüşə qablar, bürünc bilərzik və qadını təsvir edən sümükdən fiqur.
İkinci qəbir isə 20–30 yaşlarında digər qadına aiddir. Bu qadın aləbəst qablar, bir sümük fiqur (qadın bədəninin yuxarı hissəsini göstərir) və tipik afrika cizgilərinə malik olan bir qara ağac fiqur ilə birlikdə dəfn edilib.
Üçüncü qəbirdə isə 6–8 yaşlı bir uşağın qalıqları tapılıb. O, bürünc bəzək əşyaları, bir sümük fiqur və bir qara ağac fiqur ilə birlikdə basdırılıb.
Tədqiqatçılar yazır:
"Qara ağacdan hazırlanmış asqı tipik afrika cizgilərinə malik olan kişi fiqurunu təsvir edir. Fiqurun uzun saçları var və ehtimal ki, bu, uşağın əcdadını təmsil edir".
Qeyd olunur ki, qadına və uşağa aid məzarlardan çıxarılan qara ağac fiqurlar ölçü və üslub baxımından bir-birinə çox bənzəyir. Bu isə onların qohum – ehtimal ki, ana və uşaq – olduğunu göstərir.
"Qadın və uşaq eyni ailənin üzvləri ola bilərdilər – və ola bilsin ki, onlar ana və oğul idilər", deyə alimlər bildirir.
Aydın
Şərhlər