Xəbər lenti

536-cı il niyə bəşəriyyət tarixinin ən qaranlıq dövrü olub? - Səbəb açıqlandı
Dünya 21:05 17.05.2025

536-cı il niyə bəşəriyyət tarixinin ən qaranlıq dövrü olub? - Səbəb açıqlandı

Tarix boyunca bəşəriyyət saysız-hesabsız fəlakətli dövrlərlə üzləşib. Lakin bu dövrlər arasında elə bir il var ki, onun faciəvi xarakteri xüsusilə seçilir - bu da eramızın 536-cı ilidir.

Qaynarinfo iflscience.com-a istinadən xəbər verir ki, həmin dövrün qaranlıq olması təkcə qanlı müharibələr və amansız xəstəliklərlə deyil, həm də günəşi uzun müddət gizlədən vulkan püskürməsi ilə bağlı idi. Bu püskürmə nəticəsində göy üzü kül və tozla örtülərək, gün işığını yumşaq boz bir tül kimi gizlətdi.

Eramızın 538-ci ilində Roma dövlət xadimi Kassiodorun yazdığı məktubda belə deyilir:

"İnsanlar göydə görünən qeyri-adi əlamətlərdən təşvişə düşüb, bu əlamətlərin hansı hadisələrə işarə edə biləcəyini narahatlıqla soruşurlar. Ulduzların birincisi olan günəş sanki adi işığını itirib və mavi rəəngə malikdir... Günorta saatlarında bədənlərimizin kölgəsini görməməyimizə təəccüblənirik, onun istilik qüvvəsinin zəifliyini hiss edirik. Ay da təbii parlaqlığını itirib".

Bizans tarixçisi Prokopi də həmin dövrdə Yaxın Şərqdə yaşadığı müddətdə günəşin tünd dumanla örtülməsi səbəbilə yaranmış qorxudan yazır. Bu hadisə ilə bağlı çoxsaylı fiziki və elmi sübutlar mövcuddur.

2018-ci ildə aparılan tədqiqatın nəticələrinə əsasən, həmin püskürmə İrlandiyada baş vermiş ola bilər. Çünki Avropada toplanan buz nüvələrindəki vulkanik şüşə parçaları, Avropa və Qrenlandiya boyunca aşkar edilən hissəciklərlə kimyəvi baxımdan oxşardır. Məqalədə qeyd olunur ki, əslində bu "vulkanik qış" 536-540-cı illər arasında baş verən bir neçə partlayıcı püskürmə seriyası nəticəsində yaranmış ola bilər.

Vulkan püskürməsi ilə bağlı olaraq qlobal temperatur kəskin şəkildə düşüb, kənd təsərrüfatı iflic olub. Yay mövsümündə dünya üzrə temperatur bir neçə dərəcə aşağı düşüb, Yer kürəsinin iqlimi ciddi təsirlərə məruz qalıb. Çində yayı qarla keçib, Cənubi Amerikada quraqlıqlar baş verib, Yaxın Şərqdə isə ölümcül duman səmanı bürünüb.

Bir çox tarixçilər 536-cı ilin dünya tarixində, heç olmasa bəzi regionlarda, xüsusilə qaranlıq bir dövrün başlanğıcı olduğunda həmfikirdir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->