Ötən həftə futbol üzrə Azərbaycan çempionatının 2-ci liqasında keçirilən bir qarşılaşma çoxlarının diqqətini cəlb etdi. Söhbət Şimal bölgəmizi təmsil edən "Şahdağ Qusar”la "Şəfa”nın qarşılaşmasından gedir. Bir andaca sosial şəbəkələrdə, xəbər saytlarında bu qarşılaşmadan danışmağa başladılar. İş o yerə gəldi çatdı ki, "İdman” TV oyunun keçirildiyi arenaya bağlandı, görüş canlı yayımla izləyicilərə təqdim edildi.
Hazırda "Şahdağ Qusar”la "Şəfa” arasında 3 xallıq fərq var. "ASK Arena”dakı görüşdən əvvəl də komandalar arasında xal fərqi beləydi. "Şəfa” rəqibindən 3 xal geri qaldığından qələbə qazanmaqla bu fərqi qapada bilərdi. Belədə çempionluq mübarizəsi daha da qızışacaqdı. Amma görüş elə başladığı kimi də bitdi, qapılara qol vurulmadı. Qolsuz heç-heçə qonaq komandanın ürəyincə oldu. Çünki xal fərqi qorundu, "Şahdağ Qusar” 68 xalla 1-ci pillədədirsə, "Şəfa” 65 xalla onun ən yaxın izləyicisidir. Qalan iki tur ərzində bu 3 xallıq fərqin qapanacağı elə də inandırıcı görünmür.
Amma bazar günü keçirilən qarşılaşmanı diqqət mərkəzinə gətirən təkcə liderlik mübarizəsi deyildi. Onsuz da II Liqanın qalibi olmaq belə hansısa böyük uğurdan xəbər vermir. Premyer Liqaya yüksəkmək üçün I Liqada da bu uğuru təkrarlamaq, elitaya yüksəlməyə imkan verən yerlərdən birini tutmaq lazımdır. Bu isə böyük məsuliyyətlə yanaşı, həm də böyük xərc deməkdi. Güclü sponsoru olmayan hansısa klubumuzun bu xərcin öhdəsindən gəlməsi inandırıcı deyil. Dağdan ağır "Kəpəz” illərdir ki, elitada gününü keçirir, hər mövsümün sonunda ölüm-dirim mübarizəsindən keçir. Çünki mövsümün əvvəlindən bəri "zirzəmi”yə lövbər atıb, Premyer Liqanı tərk etmək təhlükəsi yaşayır. Azərbaycan futbolunda tarixin, yaxud da böyük azarkeş kütlənin olması heç də hər şeyi həll etmir.
Hə, qayıdaq "Şəfa” ilə "Şahdağ Qusar”ın qarşılaşmasına. Bu görüşü gündəmə gətirən meydan sahibi "Şəfa” rəhbərliyinin qonaq komandanın azarkeşlərinə 10 manata bilet satması oldu. Azərbaycan stadionlarında ciddi azarkeş probleminin olduğu heç kimə sirr deyil. Klublar az qalırlar ki, azarkeşlərə pulsuz biletin üstündə dönərlə ayran da versinlər ki, tribunaları doldursunlar. Amma xeyri olmur. Ona görə də II Liqa qarşılaşması üçün 10 manat bilet qiyməti yetərincə yüksək məbləğ idi. Sonradan "Şəfa” rəhbərliyi açıqlama verdi ki, bu addımı "Şahdağ Qusar”ın birinci dövrədə etdiyinə cavab məqsədi ilə atıb. Sən demə, həmin vaxt da şimallılar qonaq azarkeşlərə bilet satıb, bununla onların sayını azaltmağa çalışıblar.
Futbolu gözəlləşdirən, ona maraq qatan elə bu cür şeylərdir. "Xəzər Lənkəran” çoxdandır tarixin yaddaşına köçsə də, onun çılğın azarkeşləri ilə bağlı əhvalatlar hələ də yaddaşlardadır, ara-sıra bu barədə şəkillər və videolar da paylaşılır. Bu mənada "Qusar Şahdağ”ın azarkeşlərinin "Şəfa” ilə oyun öncəsi və oyunun gedişində ajiotaj yaratması, Qusardan xüsusi maşın karvanı ilə Bakıya gəlib, 10 manatlıq biletləri alması bizi sevindirməyə bilməzdi. Hətta oyunun gedişində azarkeşlərdən biri göyə 10 manatlıq əsginazlar səpələyib, bununla "Şəfa”ya acıq verməyə də çalışmışdı. Belə ajiotaja, maraqlı görüntülərə səhnə olan qarşılaşma qolsuz bitsə də, yaddaşlarda iz buraxdı.
Bizə qalan arzu etməkdir ki, qusarlı azarkeşlər bundan sonra da komandalarını dəstəksiz qoymasınlar, evdə və səfərdə sevimlilərinin arxasınca getsinlər. Bu ənənə I Liqada da davam etsin. Amma buna inanmaq çətindir. Çünki indiyə qədərki statistika heç də ürəkaçan deyil. "Şahdağ Qusar”ın oyunlarının protokollarına baxada görürük ki, əvvəlki qarşılaşmalara 20-25 nəfər azarkeş gəlib. Həmkarlarım hesablayıblar, "Şəfa” və "Hypers Quba” ilə oyunlardan savayı digər qarşılaşmalara cəmi 235 azarkeş gəlib. Yetərincə kiçik rəqəmdir. Bəs "Şəfa” ilə oyundakı ajiotajı yaradanlar digər vaxtlarda harda olurlar? Yoxsa elə dava 10 manatın davası imiş?!
Amal Abuşov
Şərhlər