"Görüşdən əldə edilən siyasi nəticə sıfırdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri İstanbulda gerçəkləşən Ukrayna-Rusiya danışıqlarının nəticəsini şərh edərkən deyib.
Ekspertin fikrincə, bu, əslində Putin tərəfindən həyata keçirilən sülh prosesinin manipulyasiyasıdır.
Natiq Miri bildirib ki, İstanbulda qeyd-şərtsiz danışıqlar təklifi ilə çıxış edən Putin bunu atəşkəsi təmin etmək, sülh əldə etmək niyyətilə etməyib:
"Son günlər Qərb dünyası Rusiyanın manipulyasiya etdiyini anladığından ona qarşı vahid mövqedən çıxış edir. Onlar 30 günlük atəşkəs təklifini irəli sürdülər və buna razı olmadığı təqdirdə Moskvaya ciddi sanksiya tətbiqini razılaşdırdılar. Vəziyyətdən çıxmaq üçün Putin də heç bir şərt olmadan danışıqlara hazır olduqlarını bəyan etdi. Bununla Putin 30 günlük atəşkəs məsələsini ortadan qaldırdı və onu boş-boşuna danışıqlar prosesi ilə əvəzlədi. Habelə qərar qəbul etmək səlahiyyəti olmayan aşağı ranqlı nümayəndələr göndərməklə Kiyevi, Türkiyə, ABŞ və Avropa Birliyini aşağıladı".
Bu əsasda həmsöhbətimiz düşünür ki, görüşdə heç bir nəticə hasil olmayıb:
"Görüşdə qarşılıqlı olaraq hər iki tərəfdən min nəfərə qədər əsirin buraxılması razılaşdırılıb. Amma bu, yenilik deyil. Görüşdəki nəticələrdən biri də danışıqları davam etdirmək və atəşkəslə bağlı tərəflərin məsələyə baxışını əks etdirən konkret layihənin bir-birinə təqdim olunması məsələsidir. Bu da boş şeydir. Layihə təqdim olunacaq, müzakirə olunacaq, Rusiya ona yenə də min cürə qulp qoyacaq".
Politoloq deyir ki, görüş Rusiya üçün danışıqları pozmaq, zaman qazanmaq xarakteri daşıyır:
"Ona görə də nəticədən danışmaq mümkün deyil. Yay hücumları sona çatmadan, cəbhədə hansı dəyişikliklərin olacağını gözləmədən Kreml heç bir atəşkəsə getməyəcək. Rusiya yeni əraziləri işğal etmək istəyir və ona qədər də Putin bu kimi oyunları davam etdirəcək. Belədə Trampın Amerika başqanı kimi bu məsələdə siyasəti iflasa uğrayacaq".
Qeyd edək ki, dünın İstanbulda Ukrayna və Rusiya nümayəndələri arasında görüş baş tutub. Görüşdən əldə olunan nəticə yalnız hər iki tərəfdən minə yaxın əsirin buraxılmasına razı olmaları ilə bağlıdır. Həmçinin, tərəflər atəşkəslə bağlı öz baxışlarını əks etdirən layihələri bir-birinə təqdim edəcəklər. Digər məsələlərdə isə hər hansı bir razılaşma yoxdur.
Rüfət Sultan
Şərhlər