Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən 2025-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 13 milyard 964,9 milyon manat vəsait daxil olub, büdcədən 10 milyard 961,9 milyon manat vəsait xərclənib.
Büdcənin icrasında 3 milyard 3 milyon manatlıq profisit (büdcə artıqlığı) yaranıb.
2025-ci ilin yanvar-mart aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 733 milyon manat, xərcləri 8 milyard 115 milyon manat təşkil etmiş, büdcənin icrasında 1 milyard 618 milyon manatlıq profisit yaranmışdı. Bu rəqəm ümumi daxili məhsulun 5,4 faizinə bərabər olmuşdu.
Bəs büdcədə yaranmış 3 milyardlıq profisit hara xərclənəcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan millət vəkili Vüqar Bayramov deyib ki, dövlət büdcəsində xərclər rüblər üzrə fərqləndirilir:
"Bəzi rüblərdə daha az xərcləmələr həyata keçirilir. Bu da sifarişlərlə, icra olunan layihələrlə və eyni zamanda dövlət satınalmaları ilə bağlıdır. Çünki dövlət satınalmaları praktik olaraq müəyyən zaman tələb edir. Dövlət satınalmaları həyata keçirildikdən sonra həmin istiqamətlərə büdcədən ayırmalar olur.
Gözləntilər ondan ibarətdir ki, üçüncü və dördüncü rüblərdə büdcədən daha çox vəsaitin xərclənməsi həyata keçiriləcək. Çünki payız aylarında öncədən icra olunan bir sıra layihələrin dövlət büdcəsindən maliyyələşdirilməsinin həyata keçirilməsi gözlənilir. Bu baxımdan büdcədə müəyyən müddətdə profisit yaransa da, mütəmadi büdcə sifarişləri də olur. Bu da yaranmış profisitdən istifadə anlamına gəlir. Ona görə də büdcə xərcləmələrinə müəyyən bir rübdə, bütövlükdə büdcə ili ərzində baxılması baxılması daha məqsədə uyğundur”.
O, bir vacib məqama da toxunub:
"Nəzərə alaq ki, Maliyyə Nazirliyi 1,5 milyard manatlıq vəsaiti depozit formasında banklarda yerləşdirib. Bu depozitlər orta hesabla 7 faizlə yerləşdirilib. Bu da ondan xəbər verir ki, artıq Maliyyə Nazirliyi tərəfindən büdcəyə əlavə vəsaitlər cəlb ediləcək. Bu da profisitin böyüməsinə imkan verəcək”.
Şərhlər