ABŞ-ın Tennessi ştatında yerləşən nəhəng Kreyqhed mağaraları sistemində 13 yaşlı bir oğlan tərəfindən tapılmış yeraltı su hövzəsi artıq Şimali Amerikanın ən böyük yeraltı gölü hesab olunur. Maraqlısı odur ki, bu göl artıq bir əsrdən çoxdur ki, alimlər tərəfindən tam şəkildə araşdırıla bilmir.
Qaynarinfo "IFLScience" nəşrinə istinadən xəbər verir ki, 1905-ci ildə, Tennessi ştatının Suetvoter və Medisonvill şəhərləri arasında yerləşən mağaralarda oynayan 13 yaşlı Ben Sends hələ araşdırılmamış bir dəlik taparaq oradan sürünüb keçib və həyatının ən böyük kəşfini etmişdi. Onun keçdiyi tunel təxminən velosiped təkəri ölçüsündə və 12 metr uzunluğunda idi. O, sonunda dizədək su olan bir gölə düşmüşdü.
Bundan sonra məlum olub ki, o, böyük bir yeraltı zalda - yarısı su ilə dolu və işıqlandırılmadığı üçün qarşı tərəfi görünməyən bir məkanda olub. O, otağın dərinliyini ölçmək üçün ətrafa torpaq parçaları atıb, lakin yalnız suya düşmə səsləri eşidib.
Tarixi əhəmiyyəti və artefaktlar
Kreyqhed mağaraları çoxdan məlum idi - bu ərazi hələ Çeroki tayfası tərəfindən tanınırdı. Mağaralarda keramika, bəzək əşyaları, ox ucluqları və digər artefaktlar aşkar edilib. Ən maraqlı hissələrdən biri "Şura otağı" adlanan və girişdən təxminən bir kilometr məsafədə yerləşən geniş bir zaldır.
1800-cü illərdə Avropadan gələn köçkünlər isə bu mağaraları kartof və digər tərəvəzlərin saxlanması üçün sərin anbar kimi istifadə ediblər.
Minlərlə il əvvəl orada nəhəng bir yırtıcı da olub
Alimlər bildirirlər ki, mağarada təxminən 20 min il əvvəl yaşamış Pleyystosen dövrünə aid nəhəng bir yaqvar da iz buraxıb. Bu heyvan, ehtimal ki, mağaraya girərək yolunu itirib və dərin uçurumda tələyə düşərək həyatını itirib.
Bugünkü vəziyyət: turistlər, balıqlar və qaranlıq
Hazırda bu mağara turistlər üçün açıqdır və hər il təxminən 150 min ziyarətçi cəlb edir. Maraqlıdır ki, göldə təxminən 300 ədəd qızılbalıq (rəngli alabalıq) yaşayır. Bu balıqlar mağaraya sonradan yerləşdirilib. Məqsəd o idi ki, onlar göldə başqa giriş-çıxış yolları tapsınlar. Lakin balıqlar qida tapa bilmədikləri üçün zamanla görmə qabiliyyətlərini və rənglərini qismən itiriblər və indi yalnız qayıqla gələn turistlərin verdiyi yeməklərlə yaşayırlar.
Gölün ölçüləri və araşdırmalar
Gölün səthi hissəsi artıq qismən araşdırılıb: təxminən 243 metr uzunluğa və 67 metr enə malikdir. Amma bu yalnız görünən hissədir. Su altında göl müxtəlif zallara və keçidlərə aparır. Peşəkar dalğıclar tərəfindən indiyədək 5,2 hektardan çox sahə xəritələşdirilib, lakin gölün sonuna hələ də çatmaq mümkün olmayıb. ABŞ hökuməti bu təbii fenomeni Milli təbiət abidəsi kimi tanıyıb.
Aydın
Şərhlər