Çinin "Chengdu Aircraft Industry Group" şirkəti tərəfindən hazırlanmış J-10C qırıcısı bu ay Hindistanla Pakistan arasında gərginliyin mərkəzinə düşüb.
Qaynarinfo "Business Insider”ə
istinadla yazır ki, hadisələrdən sonra bu təyyarə beynəlxalq diqqət mərkəzinə çevrilib.
Çərşənbə günü Pakistanın xarici işlər naziri bildirib ki, Pakistan Hərbi Hava Qüvvələrinin arsenalında olan bu birmotorlu çoxməqsədli döyüş təyyarəsi Hindistana məxsus bir neçə hərbi təyyarənin məhv edildiyi əməliyyata cəlb olunub. Pakistanın dövlət xəbər agentliyinin məlumatına görə, vurulan hədəflər arasında Fransanın "Rafale” qırıcısı da olub.
ABŞ-ın müdaxiləsindən sonra tərəflər gərginliyin azaldılması barədə razılığa gəliblər. Prezident Donald Tramp şənbə günü bəyan edib ki, Hindistan və Pakistan "tam və dərhal atəşkəs” barədə razılığa gəliblər.
Hərbi sənayesi 80%-lik səviyyədə Çin texnologiyalarına əsaslanan Pakistan 2022-ci ildən etibarən J-10C təyyarələrini almağa başlayıb. Bu, J-10-un ilk nəslinin modernləşdirilmiş versiyasıdır və "hava-hava” raketlərindən tutmuş aviasiya bombalarına qədər geniş çeşidli silah daşıma qabiliyyətinə malikdir.
2000-ci illərdə debüt etdikdən sonra J-10 fasiləsiz modernizasiya olunub və Qərbin yüngül qırıcı təyyarələrinə – F-16 və "Saab Gripen”ə – Çinin cavabı kimi qiymətləndirilir.
London Kral Kollecinin müdafiə tədqiqatları üzrə baş müəllimi Devid Cordan qeyd edir:
"J-10C-ni F-16-nın son modellərinə təxminən ekvivalent saymaq olar. Onun uzaqmənzilli raket kompleksi kimi bəzi xüsusiyyətləri müəyyən senarilərdə ona üstünlük qazandıra bilər”.
J-10 Çin tərəfindən müasir döyüş təyyarəsi yaratmaq üçün atılan ilk ciddi addım idi. 2004-cü ildə xidmətə J-10A versiyası ilə qəbul edilib. Bu, "ördək-delta” tipli qanada malik birmotorlu qırıcıdır. Bu konstruksiya sabitlik hesabına daha yüksək manevr qabiliyyəti təmin edir ki, bu da hava döyüşlərində üstünlük sayılır.
Təyyarə həm hava, həm də yerüstü hədəflərə qarşı effektiv döyüş apara bilir – o, yüksək dəqiqlikli bombalar, "hava-yer” və orta mənzilli "hava-hava” raketləri daşıya bilir.
Baxmayaraq ki, təyyarə tamamilə Çində istehsal olunur, layihənin əsasını İsrail və Rusiya mütəxəssislərinin ideyaları da təşkil edib.
2008-ci ildə radar görünməzliyi azaldılmış J-10B versiyası təqdim olunub. Bu modeldə yenilənmiş hava giriş sistemi, infraqırmızı axtarış sensorları, müasirləşdirilmiş kabin və təhdidlərin aşkarlanması üçün təkmilləşdirilmiş cihazlar quraşdırılıb.
2015-ci ildə isə ən təkmil versiya olan J-10C-nin istehsalına başlanılıb. Bu variantda fazalı qəfəsli AESA radarı yer alır ki, bu da hədəfə yönəltmə dəqiqliyini və radioelektron qarşıdurma şəraitində davamlılığını artırır. Həmçinin, təyyarəyə peyk rabitəsi, məlumat mübadiləsi, raket xəbərdarlığı və radar görünməzliyini azaldan sistemlər inteqrasiya olunub.
Hələ də rus istehsalı olan AL-31F mühərriki ilə işləməsəniə baxmayaraq – bu zəif nöqtə sayılır, – yeni Çin mühərrikləri WS-10 üzərində sınaqlar davam edir.
Hindistanla son toqquşma J-10C-nin döyüş şəraitində ilk istifadəsi olub. Buna reaksiya olaraq, Chengdu Aircraft Company-nin Şençjen birjasındakı səhmləri 30%-dən çox artıb.
Devid Cordan əlavə edir:
"Qərb istehsalı ilə rəqabət apara biləcək, yeni təyyarə alış müsabiqələrində iştirak edəcək real bir alternativ görə bilərsiniz. Bu, Qərb müdafiə sənayesinin istehsalçıları üçün ciddi çağırış ola bilər”.
J-10C hələ ki Çinin ən yeni döyüş təyyarəsi sayılmır – bu status beşinci nəsil, radara az görünən J-20-yə məxsusdur. Lakin J-10C-nin Çin üçün ən uğurlu ixrac modeli olacağı ehtimal olunur.
Alpər
Şərhlər