Xəbər lenti

Zelenski Putinə şəxsi görüş təklifi ilə təşəbbüsü ələ aldı -
Dünya 09:59 12.05.2025

Zelenski Putinə şəxsi görüş təklifi ilə təşəbbüsü ələ aldı - "The Guardian"

Ukrayna Prezidenti Volodimir Zelenski diplomatik gediş edərək Vladimir Putinə İstanbulda sülh danışıqları üçün şəxsi görüş təklif edib. 

Qaynarinfo "The Guardian”a istinadla yazır ki, bu addımla Zelenski təşəbbüsü Putindən alıb və indi ona təzyiq göstərir.

Qəzetin xatırlatmasına görə, atəşkəsin 30 gün müddətinə elan olunması tələbi şənbə günü Britaniya, Fransa, Almaniya və Polşa liderlərinin Kiyevə səfəri zamanı irəli sürülüb. Britaniyanın Baş naziri Kir Starmer bildirib ki, əgər Putin bu təklifi rədd edərsə, Rusiyaya qarşı sanksiyalar gücləndiriləcək və Ukraynaya hərbi yardım artırılacaq ki, Moskva danışıqlar masasına qayıtmağa məcbur edilsin.

Putin isə cavabında Ukraynanı əvvəlki atəşkəs razılaşmalarını pozmaqda ittiham edib. Lakin o əlavə edib ki, ''buna baxmayaraq'', tərəflərin danışıqlar aparması üçün bu cümə axşamı İstanbulda görüşə biləcəyini təklif edir.

"The Guardian” qeyd edir ki, Putinin tonunda Avropanın tələblərini rədd etmək, eyni zamanda isə Tramp administrasiyasının gözündə Moskvanın konstruktiv görünməsini təmin etmək məqsədi ilə ciddi ölçülüb-biçilmiş bir diqqət var. Trampın administrasiyası son dövrlərə qədər Moskvaya Kiyevdən daha yumşaq yanaşırdı. Putin ABŞ-ın yeni rəhbərliyinə münaqişənin nizamlanmasına yönəlmiş səylərinə görə xüsusi təşəkkür edib.

''Trampın reaksiyası bu taktikanın müəyyən nəticə verdiyini və Qərbin birliyinə ciddi zərbə vurduğunu göstərə bilər. Lakin onun Truth Social platformasında yazdığı postda həmçinin Moskvanın Ukrayna ilə bağlı sərt tələblərindən son günlərdə özəl şəkildə narahatlıq keçirdiyini də nəzərə çarpdırıb''.

Zelenski isə İstanbula birbaşa görüş üçün təklif irəli sürməklə təşəbbüsü tam ələ alıb və indi, adətən spontan səfərlər etməyən Rusiya liderinə təzyiq göstərir.

UNİAN yazır ki, mayın 10-da Zelenski Avropa liderləri ilə birlikdə Putinə ultimatum verib: ya Rusiya bazar ertəsindən başlayaraq qeyd-şərtsiz və hərtərəfli atəşkəsə razılaşır, ya da Avropa və ABŞ-ın növbəti sanksiya paketi ilə üzləşəcək.

Bundan sonra Putin birbaşa atəşkəsə razı olub-olmadığına cavab verməyərək bəyanatla çıxış edib və Ukrayna ilə sülh danışıqları üçün Türkiyədə birbaşa görüş təklif edib. Donald Tramp sosial şəbəkədə bu təklifə reaksiya verərək bildirib ki, Ukrayna dərhal Rusiya ilə danışıqlara razılıq verməlidir.

Zelenski isə cavabında bildirib ki, cümə axşamı Türkiyəyə gələcək və ümid edir ki, Putin də danışıqlarda iştirak edəcək.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->