Xəbər lenti

ABŞ Ukraynaya yüzlərlə HIMARS və
Dünya 11:36 12.05.2025

ABŞ Ukraynaya yüzlərlə HIMARS və "Patriot" raketi verməyə "hə" dedi

ABŞ Almaniyaya Ukraynaya 100 ədəd Patriot zenit-raket kompleksi (ZRK) üçün raket və 125 ədəd uzaqmənzilli HIMARS və MARS II artilleriya raketləri verməyə icazə verib. Bu sursatlar Almaniya ordusuna (bundesverə) məxsus olsa da, onların digər ölkələrə ötürülməsi istehsalçı dövlət kimi ABŞ-ın razılığı ilə mümkündür.

Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Konqresindəki nümayəndəyə istinadən "The New York Times” yazır.

Ukraynanın ən çox ehtiyac duyduğu hava hücumundan müdafiə vasitəsi məhz "Patriot” kompleksləridir, çünki bu sistemlər Rusiya ballistik raketlərini effektiv şəkildə məhv edə bilir. Hazırda Ukraynanın 8 "Patriot” sistemi var, amma onlardan yalnız 6-sı işlək vəziyyətdədir. Almaniyanın müdafiə naziri Boris Pistorius bu ilin aprelində Berlinin əlavə "Patriot” kompleksləri vermək imkanının olmadığını desə də, Ukrayna Silahlı Qüvvələrinin artıq malik olduğu komplekslər üçün 30 raket və əlavə olaraq 4 ədəd alman istehsalı IRIS-T SLM ZRK verməyə söz verib. Bundan əlavə, Axios yanvarda yazmışdı ki, daha 90 ədəd "Patriot” raketi İsraildən Polşaya gətirilib və oradan Ukraynaya göndərilməsi planlaşdırılır.

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-dan 15 milyard dollar qarşılığında 10 "Patriot” sistemi almağa hazır olduğunu bəyan etsə də, bu təklif cavabsız qalıb. Bununla belə, Rusiya tərəfinin qeyd-şərtsiz atəşkəsdən imtina etməsi və Ukrayna şəhərlərinə raket hücumlarını intensivləşdirməsi fonunda, çoxsaylı mülki itkilər səbəbilə Qərb müttəfiqləri Ukraynaya əlavə "Patriot” sistemlərinin verilməsini müzakirə etməyə başlayıblar. "Reuters”in məlumatına görə, bu barədə NATO sammitinədək (iyunun sonunda) razılıq əldə olunması planlaşdırılır.

Yay aylarınadək Ukrayna bir "Patriot” sistemi də İsraildən almalıdır – bu razılaşma ABŞ Prezidenti Co Baydenin administrasiyası ilə razılaşdırılıb, deyə NYT yazır. Zelenski daha əvvəl bildirmişdi ki, ölkənin hava məkanının tam qorunması üçün 25 Patriot kompleksi tələb olunur. Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun məlumatına görə, dünyada hazırda təxminən 186 "Patriot” sistemi fəaliyyət göstərir. Onların üçdə birinə ABŞ, təqribən 40-na isə Avropa ölkələri, o cümlədən Ukrayna malikdir.

Yeni nəsil "Patriot” sistemi 5-8 buraxılış qurğusundan ibarətdir və hər bir qurğuya 4 ədəd raket yüklənir. Bir raketin qiyməti təxminən 4 milyon dollar, bütöv kompleksin qiyməti isə 1 milyard dollar civarındadır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->