"PKK silahlı dəstələrinin, döyüşmək, terror hadisələri törətməkdan başqa əlindən bir iş gəlməyən kütlənin rahat duracağına inanmıram".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı terror təşkilatı PKK-nın artıq özünü ləğv etdiyi barədə məlumatlar fonunda nəhayət bu problemin tarixin arxivinə göndərilib-göndərilmədiyi sualına cavabında deyib.
Elçin Şıxlı bildirib ki, bu adamlar vuruşmaq, terror törətməkdən başqa heç nə bacarmırlar:
"Onlar yenə də konflikt axtaracaqlar. Odur ki, indi siyasi cəhətdən ləğvlə bağlı qərar versələr də, amma sonradan yenindən hansısa hadisə törədəcəklər. Bu səbəbdən PKK-nın ləğvi məsələsinin sonadək baş tutacağına inanmıram. Onları kimin və necə tərksilah edəcəyinin mexanizmləri də yoxdur. Prosesin həllinə doğru getmək istəyirlər. Bu mənada siyasi bəyanatlar veriləcək. Amma gerçəklikdə PKK-nın ləğv edilərək silahı tam yerə qoyacağına inanmıram".
Qeyd edək ki, Türkiyə mətbuatının məlumatına görə, terror təşkilatı PKK özünü ləğv edib. Bildirilib ki, Kürdüstan Fəhlə Partiyası (PKK) buraxıldığını və Türkiyəyə qarşı silahlı mübarizəni dayandırdığını elan edib.
PKK terror təşkilatının həbsdə olan lideri Abdulla Öcalanın çağırışı ilə keçirdiyi KCK konqresində qəbul olunan qərarlar məlum olub. Bu barədə jurnalist Nevzat Çelik TV100-ün efirində deyib.
O bildirib ki, qəbul edilən dörd qərarın birincisi - PKK-nın Türkiyə dövlətinə qarşı apardığı terror hücumları dayandırılacaq. Belə ki, bundan sonra PKK siyasi və hüquqi yollarla mübarizə aparacaq. Həmçinin PKK-nın özünü ləğv etməsi ilə təşkilatın bütün fəaliyyəti dayanacaq. Ləğvetmə qərarının açıqlandığı tarixdən etibarən İraq, İran, Suriya və Türkiyədə PKK-nın adı ilə bağlı heç bir hərbi iş aparılmayacaq.
Eyni zamanda terror təşkilatının ləğvi prosesinin praktiki icrasına rəhbərlik şurası məsul olacaq. Türkiyədən PKK-ya qoşulan ünsürlərə aid silahların təhvil verilməsi üçün ortaq komitə yaradılacaq.
Təqaüddə olan diviziya generalı Cihat Yaycı məsələ ilə bağlı açıqlamasında PKK-nın strukturunu və onunla bağlı davam edən siyasi manevrləri tənqid edib:
"Konqres guya PKK-nı buraxacaqmış. Bəs o zaman həmin "konqresi" kim buraxacaq? Bunu heç kim soruşmur. Sadəcə olaraq PKK adı kağız üzərindən silinir, amma KCK strukturu olduğu kimi qalır. Hələ də 5 KCK mövcuddur. PKK-nın əsl dam örtüyü KCK-dır. Onların konqresi, qanunverici orqanı, icraatı və məhkəmə sistemi var. Demək olar ki, dövlət kimi bir struktur qurublar. PKK adı çəkilərək bütün bu struktur gizlədilir. Bu, bir aldatmadır".
Qeyd edək ki, KCK (Koma Civaken Kurdistan – Kürdüstan Toplumlar Birliyi) PKK-nın qurduğu geniş və çoxpilləli bir təşkilati strukturdur. Bu təşkilat PKK-nın ideoloji və siyasi çətir təşkilatı kimi fəaliyyət göstərir və "özünüidarə" modelinə əsaslanan paralel bir hökumət sistemi yaratmağı hədəfləyir.
KCK nəyi təmsil edir?
KCK 2005-ci ildə Abdullah Öcalanın ideoloji təlimlərinə əsaslanaraq yaradılıb və PKK-nın siyasi və sosial təsirini bölgədə daha sistemli və geniş şəkildə yaymaq məqsədi daşıyır.
KCK-nın strukturu:
KCK bir növ "kölgə dövləti" kimi dizayn edilib və aşağıdakı qurumları əhatə edir:
KCK Konqresi – Qanunverici orqan.
KCK İcra Şurası – Hökumət funksiyasını icra edir.
KCK Məhkəmə Sistemi – Təşkilat daxilində hüquqi mübahisələri həll edir.
KCK Təhlükəsizlik və Müdafiə Qanadı – Silahlı qüvvə funksiyasını yerinə yetirir (bu strukturun daxilində PKK əsas silahlı təşkilatdır).
KCK-nın regional bölmələri – Türkiyə, İran, İraq və Suriyada fəaliyyət göstərən yerli "komitələr" və ya "şuralar"dır.
KCK və PKK arasındakı fərq:
* PKK əsasən silahlı mübarizəyə yönəlmiş təşkilatdır.
* KCK isə PKK-nın da daxil olduğu, onu və digər qollarını da idarə edən geniş siyasi və ideoloji sistemdir.
KCK-nın hüquqi statusu:
* Türkiyə dövləti KCK-nı terror təşkilatı olaraq tanıyır və onun üzvlərinə qarşı məhkəmə prosesləri aparır.
* KCK əməliyyatları adı altında yüzlərlə insan həbs edilib, xüsusilə bələdiyyə rəhbərləri, jurnalistlər və siyasətçilər daxil olmaqla.
Qısacası, KCK - PKK-nın yalnız silahlı qolu ilə deyil, həm də siyasi, sosial və ideoloji fəaliyyətlərini koordinasiya edən çətir təşkilatıdır.
Rüfət Sultan
Şərhlər