Aviadaşıyıcıların tarixi 1917-ci ildə Britaniyanın "HMS Furious" gəmisinin istifadəyə verilməsi ilə başlayıb. O vaxtdan bəri bu nəhəng gəmilərdən əsasən qırıcılar olmaqla, müxtəlif tipli təyyarələr havaya qalxıb və eniş edib. Lakin onların arasında biri var ki, ölçüləri ilə digərlərindən açıq şəkildə fərqlənir.
Qaynarinfo xəbər verir ki, "SlashGear" nəşri aviadaşıyıcı göyərtəsinə eniş edən ən böyük təyyarə barədə yazıb. Söhbət ABŞ istehsalı olan nəhəng "Lockheed C-130 Hercules" yük təyyarəsindən gedir. Bu dörd mühərrikli turbovintli təyyarə istənilən müasir qırıcını ölçü baxımından geridə qoyur.
1954-cü ildən istismara verilən C-130 seriyası bu gün də bir çox ölkələr tərəfindən aktiv şəkildə istifadə olunur. İndiyədək dünya üzrə 2500-dən çox belə təyyarə istehsal edilib.
Aviadaşıyıcıya eniş etmiş təyyarə isə KC-130F modelinin xüsusi modifikasiyası idi. ABŞ Dəniz Piyadaları Korpusu bu təyyarədən havada yanacaq doldurma və taktiki dəstək məqsədilə istifadə edirdi.
Adətən C-130 təyyarələrinin eniş və qalxış üçün azı 610 metrlik uçuş-enmə zolağına ehtiyacı var. Halbuki təcrübənin aparıldığı aviadaşıyıcı göyərtəsi bundan iki dəfə qısa idi. Bundan əlavə, təyyarənin çəkisi də göyərtəyə eniş edən adi təyyarələrdən qat-qat artıqdır.
1963-cü ilin oktyabr-noyabr aylarında ABŞ Hərbi Dəniz Qüvvələrinin Sınaq Mərkəzi tərəfindən KC-130F təyyarəsi ilə sınaqlar aparılıb. Məqsəd, mümkün qədər az reyslə gəmi göyərtəsinə çoxlu sayda material və ehtiyatın daşına bilmə potensialını yoxlamaq olub.
Sınaqlar "USS Forrestal" (CVA-59) aviadaşıyıcısının göyərtəsində həyata keçirilib. Nəticədə KC-130F ümumilikdə 21 dəfə eniş və qalxış həyata keçirib. Bu uçuşlar müxtəlif yüklə aparılıb və maksimum çəkisi 54 885 kiloqram təşkil edib.
Sınaqlardan sonra təyyarənin gövdəsində ABŞ hərbçiləri tərəfindən yazılmış "Bax, ana, qarmaq olmadan” ("Look, Ma, no hook”) ifadəsi qeyd olunub. Bu, aviasiyada eniş zamanı istifadə olunan qarmaq sisteminin işlədilmədiyinə işarə idi və qeyri-adi uğurun zarafatyana qeydidir.
Qeyd edək ki, "C-130 Hercules" seriyası bu gün də bir çox ölkədə aktiv şəkildə istifadə olunur. "USS Forrestal" göyərtəsinə eniş etmiş həmin KC-130F təyyarəsi isə istismardan çıxarılıb və hazırda Florida ştatının Pensakola şəhərindəki Milli Dəniz Aviasiyası Muzeyində sərgilənir.
Aydın
Şərhlər