Yer kürəsinin dairəvi olduğu məlumatı əksəriyyətimiz üçün şübhə doğurmayan bir həqiqət kimi qəbul olunur. Lakin elmi dairələr bu barədə yeni və təəccübləndirici bir nəzəriyyə ilə çıxış edir. Son araşdırmalar göstərir ki, Yer və oxşar planetlər ilkin formalaşma mərhələlərində tam olaraq kürə şəklində olmayıb.
Qaynarinfo xəbər verir ki, Böyük Britaniyanın Mərkəzi Lankaşir Universitetindən alimlər, planetlərin yaranma proseslərini başa düşmək məqsədilə yüksək güclü superkompüterlərdə detallı simulyasiyalar həyata keçiriblər. Bu simulyasiyalar nəticəsində yeni yaranan planetlərin forması ilə bağlı indiyə qədər qəbul edilmiş bəzi fərziyyələr sual altına alınıb.
Əvvəllər planetlərin ulduzlarının ətrafında fırlanan qaz və toz diskindən meydana gəldiyi və nəticədə təbii şəkildə kürə formasını aldığı düşünülürdü. Lakin son tədqiqatlar, bu cür gənc planetlərin əslində daha yastı və ellipsəbənzər formada yarandığını göstərir. Alimlərə görə, bu ilkin dövrdəki planetlər tam kürə deyil, daha çox üst və alt hissədən yüngülcə basılmış, bir növ "pide çörəyi" formasına bənzəyə bilər.
Tədqiqat qrupunun üzvü, Dr. Dimitris Stamatellos bildirib ki, əldə etdikləri nəticələr qarşısında təəccüblərini gizlədə bilməyiblər: "Simulyasiyalarda bu gənc planetlərin formasını ilk dəfə üçölçülü şəkildə təhlil etdik. Qarşımıza demək olar ki, "Smarties" adlı yastı və dairəvi bir konfetə bənzər strukturlar çıxdı. Uzun illərdir planet formalaşması üzərində çalışırıq, amma onların formasını bu qədər incəliklə nəzərdən keçirməmişdik. Kürə olduqlarını qəbul etmək işimizi sadələşdirirdi".
İndiyə qədər bu cür forma niyə müşahidə edilməyib? Çünki indiyədək aparılan müşahidələr əsasən tam formalaşmış, yetkin planetlərə yönəlmişdi. Yer kimi tanıdığımız planetlər zamanla cazibə qüvvəsinin təsiri ilə daha simmetrik və kürəyə yaxın forma alır. Məsələn, Yer kürəsinin qütblərdən yüngülcə basılmış olduğu məlumdur və bu basıqlıq təxminən 0,3 faiz təşkil edir. Bu göstərici Yupiterdə 6 faiz, Saturnda isə 10 faizə qədər yüksəlir. Lakin teleskoplarımızla müşahidə edə bildiyimiz bütün planetlər ümumi olaraq yenə də kürə formasına yaxındır.
Bu da yeni bir sualı gündəmə gətirir: Bəs kainatın bir yerində, hələ tam formalaşmamış, bu "pide” formasında olan planetlər varmı? Əgər varsa, biz niyə onları görə bilmirik? Alimlər bu sualların arxasınca düşməyə hazırlaşır. Əgər bir gün bu cür gənc və yastı formalı bir planet müşahidə edilərsə, bu kəşf planetlərin yaranması ilə bağlı indiyədək mövcud olan bilikləri kökündən dəyişə bilər. Ola bilər ki, kainat düşündüyümüzdən daha müxtəlif formalı planetlərlə doludur.
Aydın
Şərhlər