ABŞ ordusunun fyuçers komandanlığının rəhbəri, general Ceyms E. Reyni xəbərdarlıq edib ki, mövcud vəziyyətdə ABŞ ordusu potensial münaqişədə "dəhşətli itkilər" verə bilər. Bunun əsas səbəbi isə hərbi texnologiyaların – xüsusən də dron və elektron müharibə vasitələrinin inkişafına ABŞ-ın yetərincə sürətlə uyğunlaşa bilməməsidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" yazıb.
General Reyni bildirib ki, müharibə aparma üsulları "hipersürətlə" dəyişir, lakin ABŞ bu dəyişikliklərə adekvat cavab verməkdə gecikir. O, Ukraynadakı müharibənin son üç ildə dron texnologiyalarında sürətli irəliləyişə səbəb olduğunu qeyd etsə də, Pentaqonun hələ də bu sahədə vacib məlumat və texniki vasitələri əldə etmədiyini vurğulayıb.
"Gənc əsgər və zabitlər bizim ləng qərarlarımızın bədəlini öz həyatı ilə ödəyəcək. Biz bilirik ki, onlara nələri təqdim etməliyik, amma bunu etməyə gecikirik", deyə Reyni bildirib.
Onun sözlərinə görə, yaxın gələcəkdə döyüş meydanında döyüş robotları və dronlar əsas taktiki vasitəyə çevriləcək və bu, artıq qaçılmazdır.
"Biz yeni tank və ya vertolyot icad etməyə çalışmırıq. Söhbət sadəcə artıq mövcud olan texnologiyaların alınmasından gedir. Daha çox və daha yaxşı dronlara ehtiyacımız var. Çünki bu texnologiyalar artıq hazırdır, lakin biz onları istifadə edə bilmirik", general vurğulayıb.
Reyninin fikrincə, ABŞ ordusunun hazırkı hazırlıq səviyyəsi növbəti real münaqişəyə cavab vermək üçün kifayət deyil və vaxt əleyhlərinə işləyir.
"Bizim hədəf tariximiz 2035 və ya 2040 deyil. Standart – növbəti müharibədir. Biz bu vəziyyəti dəyişdirməliyik", deyə general xəbərdarlıq edib.
O həmçinin Ukraynada döyüş meydanında dron kameraları ilə çəkilmiş videoları izlədiyini və bəzi səhnələrin onu peşəkar kimi sarsıtdığını bildirib:
"TikTok"da bir video gördüm – rus əsgəri təslim olmaq istəyir, lakin dron onu təqib edib öldürür... ABŞ əsgərinin belə aciz vəziyyətdə qalmasını təsəvvür belə edə bilmirəm. Biz heç vaxt əsgərlərimizin özünü müdafiə hüququndan və döyüş şansından məhrum olmasına razı ola bilmərik".
Reyni əlavə edib ki, texnologiyaların inkişafına baxmayaraq, müharibənin üç əsas elementi dəyişməz qalacaq:
* müharibələr insanlarla aparılacaq,
* ərazilərə və onların nəzarətinə görə gedəcək,
* yaxın döyüşlər hələ də əsas komponent olaraq qalacaq.
"Burada məqsəd insanı texnologiya ilə əvəz etmək deyil, bu mənasız yanaşmadır. Sənət, insanla texnologiyanı necə düzgün və zamanında birləşdirməklə ölümcül effektivlik əldə etməkdədir", deyə general izah edib.
Çinin son 20 ildə hərbi texnologiyalarda sürətli irəliləyişlər əldə etməsinə baxmayaraq, Reyni ABŞ-ın hələ də strateji üstünlüyünü qoruyub saxladığına inanır:
"Mən Amerikaya inanıram – bizim təcili qərarvermə qabiliyyətimizə və anlayışımıza. Hazırda bu üstünlüyü itirə bilərik. Lakin bu, kosmik və ya nüvə yarışına bənzəyən bir mübarizə olacaq və biz dayanmalı deyilik".
Aydın
Şərhlər