Xəbər lenti

Zibil yetişmədi
Murad KÖHNƏQALA
Ölkə 14:01 04.08.2025

Zibil yetişmədi

Əziz bakılılar və şəhərimizin qonaqları!

Bayaq gördüm, o tərəfdə ağzını göyə açıb gözləyən iri zibil qablarından təxminən, on metr aralıya bir zibil paketi atıblar. Düşündüm, bu necə ola bilər? Onca addım irəli getməmək üçün insan bu qədər donuzluq eləməz, axı. Sonra bu işin dramını təsəvvürümə gətirdim, sən demə, hər şey mən bildiyim qədərilə asan deyilmiş, ortada insan faciəsi varmış. 

Demək, hadisə belə olub. Ailə başçısı səhər tezdən əynini geyinib evdə dünəndən aşıb-daşan zibil paketini əlinə götürdü və bayıra çıxdı. Blokun çıxışına yaxınlaşanda bayırdan gələn atışma səsi eşitdi. O, küçəyə çıxanda güllə səslərini daha yaxından eşidirdi. Havadakı kəskin barıt qoxusuna və güllələrin hərdən qulağının dibindən vıyıldayıb keçməsinə baxmayaraq ailə başçısı xüsusi inadla yaxınlıqda onu gözləyən böyük zibil qablarına doğru irəlilədi. Qəhrəmanımızı bu müharibə ab-havası heç də qorxutmurdu, çünki o, yaşadığı şəhərin təmizliyini və səliqəsini hər şeydən üstün tuturdu. Budur, ailə başçısı böyük ruh yüksəkliyi və əzmlə həyatına olan təhlükələri yararaq zibil qablarına doğru getməkdədir. Lakin, burdaca deməliyəm ki, insan əzminə, dönməzliyinə və cəsurluğuna baxmayaraq, həyatın özünün də gözlənilməz sürprizləri olur. Heyhat! Zibil qablarına lap az qalmış, hardansa uçub gələn güllənin biri qəhrəmanımızın sağ ayağına dəyir. Zibil paketini əlində möhkəm saxlayan ailə başçısı yıxılaraq bir müddət yerdə uzanıqlı qalır. Lakin paketi mütləq zibil qabına atıb evə qayıtmaq lazımdı. Qəhrəman yenidən ayağa qalxaraq axsaya-axsaya zibil qablarına tərəf irəliləyir. Yan-yörəsindən vıyılti ilə ötüb keçən güllə yağışına məhəl qoymayan qəhrəmanımız bayaqkından da böyük ruh yüksəkliyi ilə yoluna davam edir və... heyhat! Namərdlər bu dəfə onu düz sinəsinin ortasından vururlar. O, yaralı halda zibil paketini sinəsinə sıxaraq üzüstə yerə dəyir. Qəhrəmanımız bir müddət yerdə çabalasa da ayağa dura bilmir və... gözlərini əbədi yumur. 

Qəhrəmanımızın nəşini atışma bölgəsindən çıxaran döyüşçülərin söylədiyinə görə zibil paketini meyitin kilidlənmiş barmaqlarının arasından zorla çıxarıblar. 

Belə-belə işlər. Demək istədiyim budu ki, zibil qablarının yaxınlığında zibil paketləri görəndə adamları söyməyə tələsməyin. Taleyin işini bilmək olmaz. 

Ordan bi dənə oyun havası və gülüş smayliki!!!
 
Murad Köhnəqala

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->