Fransa prezidenti Emmanuel Makron ABŞ prezidenti Donald Trampın Ukraynada 30 günlük tam atəşkəsin tətbiqinə dair çağırışını dəstəkləyib və Rusiya rəhbərliyindən bu təşəbbüsə dərhal razılıq verməyi tələb edib.
Qaynarinfo-nun məlumatına görə, Makron X-da paylaşdığı məlumatda bildirib ki, o, ötən axşam ABŞ prezidenti ilə bir neçə dəfə telefonla danışıb. Onun sözlərinə görə, tərəfdaşlar atəşkəsin əldə olunması üçün gecikmədən, bəhanələr və ya vaxtı uzatma taktikasından istifadə etmədən çalışmalıdır:
"Ukrayna bu cür atəşkəsi təxminən iki ay əvvəl dəstəklədiyini bəyan etmişdi. İndi isə Rusiyanın da eyni addımı atmasını gözləyirəm. Əgər bu baş verməsə, biz Avropa ölkələri ilə birlikdə və ABŞ ilə sıx koordinasiyada qətiyyətli cavab verməyə hazırıq".
Xatırladaq ki, Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası danışıqların əvvəlindən etibarən Kiyev və Moskvanı əvvəlcə döyüş əməliyyatlarını tam dayandırmağa, daha sonra isə münaqişəyə sülh yolu ilə son qoymaq üçün yol axtarmağa çağırırdı.
Ukrayna bu təşəbbüsə dərhal razılıq verərək qeyd etmişdi ki, indi növbə Rusiyadadır. Lakin Kreml daimi olaraq tam atəşkəsdən imtina edir, əvəzində müvəqqəti atəşkəslər təklif edir.
Qeyd edək ki, Tramp dünən Ukrayna prezidenti Volodimir Zelenski ilə yeni bir telefon danışığı aparıb. Bundan sonra o, hər iki tərəfi şərtsiz 30 günlük atəşkəsə çağırıb.
Aydın
Şərhlər