Dünyadakı qitələri sadalamağınız istənsə, çox güman ki, Asiya, Avropa, Afrika, Amerika, Antarktida və Okeaniya adlarını çəkərsiniz. Bəs heç Zelandiya adlı itmiş qitədən xəbəriniz var?
Qayanrinfo xəbər verir ki, Maori dilində Te Riu-a-Maui və ya Tazmantis kimi tanınan Zelandiya uzun illərdir elmi müzakirə mövzusu olub, lakin varlığı yalnız 8 il əvvəl - 2017-ci ildə rəsmən təsdiqlənib.
Böyük Cənub Qitəsi: niyə yox oldu, necə kəşf edildi?
Zelandiyanın hekayəsi 1600-cü illərə qədər gedib çıxır. Niderlandın Şərqi Hindistan Şirkəti üçün çalışan Abel Tasman 1642-ci ildə bu naməlum qitəni tapmaq məqsədilə İndoneziyadan yola çıxıb. Avstraliyanın Tazmanya əyalətinə də adını verən Tasman sonda Yeni Zelandiyanın sahillərinə çatıb və burada yerli Maori xalqı ilə qarşılaşıb. Lakin Maorilər Tasmanı və onun qrupunu yaxşı qarşılamayıb, dörd ekipaj üzvünü öldürüblər. Bu hadisədən sonra Tasman qitəni tapdığına dair heç bir dəlil təqdim etmədən geri dönüb.
Tasman 1659-cu ilin oktyabrında 56 yaşında vəfat edib. Zelandiyanın sirrinin həll olunması isə 400 il sonra baş verib.
Zelandiya nə vaxt və necə kəşf edildi?
Yeni Zelandiya Krallıq Tədqiqatlar İnstitutunun nəzdində fəaliyyət göstərən Geoloji və Nüvə Elmləri İdarəsi (GNS Science) 2017-ci ildə Zelandiyanın mövcudluğunu rəsmən elan edib. Təxminən 4.300 kilometr uzunluğunda və 4,9 milyon kvadrat kilometr sahəsi olan bu qitənin 95 faizi su altında yerləşir.
Zelandiya təxminən 500 milyon il əvvəl Qondvana adlı superqitənin bir hissəsi olub. Lakin alimlərin bu günə qədər də tam izah edə bilmədikləri səbəblərlə qitə parçalanaraq uzaqlaşıb və böyük hissəsi okean sularının altında qalıb.
Zelandiya nə ilə fərqlənir?
Amerika Geoloji Cəmiyyətinin 2017-ci ildə dərc etdiyi hesabatda bildirilib ki, Zelandiya yeddinci ən böyük geoloji qitə olmaqla yanaşı, həm də ən gənc, ən nazik və sular altında ən çox qalan qitədir. Qitənin birləşmiş və bütöv litosferə sahib olması, onun suyun altında qalmasına baxmayaraq "qitə" statusunu qoruyur.
2019 və 2023-cü illərdə nə tapıldı?
2019-cu ildə aparılan bir araşdırma ilə Cənubi Zelandiyanın 1,5 milyon kvadrat kilometr ərazisi tam geoloji şəkildə xəritələndirilib. Bu tədqiqat nəticəsində Zelandiya Qondvanadan ayrılarkən yer qabığında yaşanan əyilmə, nazilmə və çatlamaların miqyası müəyyən edilib.
2023-cü ildə tamamlanan və "Tectonics” jurnalında dərc olunan yeni araşdırma isə Şimali Zelandiyaya yönəlib. Yeni Kaledoniya, Yeni Zelandiya və Avstraliya arasındakı bölgənin geoloji strukturu xəritələndirilib. Araşdırma nəticəsində həmçinin 60-100 milyon il əvvəl baş vermiş nəhəng vulkan püskürmələri, 250 min kvadrat kilometrlik əraziyə yayılmış maqmatik sahələr, granit dağ silsilələri və qitənin altındakı sərhədlər də müəyyən olunub.
Bu tədqiqatlar sayəsində Zelandiya, dünya üzərində sualtı sərhədləri də daxil olmaqla tam xəritələndirilmiş ilk qitə statusunu qazanıb. Tədqiqatçılar, hələ kəşf olunmamış bir çox detalın olduğunu və bu qitənin formalaşmasında hansı geoloji hadisələrin nə zaman və necə baş verdiyinin öyrənilməsinin vacib olduğunu bildirirlər.
Aydın
Şərhlər