Xəbər lenti

ABŞ-İran danışıqları: Konfliktoloq Oman raundunu şərh etdi
Dünya 16:59 12.05.2025

ABŞ-İran danışıqları: Konfliktoloq Oman raundunu şərh etdi

"İran üçün bu danışıqlar, sadəcə nüvə deyil, regional təsir mübarizəsidir. ABŞ isə danışıqlarla həm də Yaxın Şərqdə yeni güc balansı qurmaq istəyir. Bu ziddiyyətlər səbəbindən qarşılıqlı anlaşma prosesi hələ uzun müddət ziqzaqlı, dəyişkən və nəticəsiz olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov ABŞ və İran nümayəndələri arasında danışıqların Omanda baş tutan növbəti raundunu şərh edərkən deyib: 

"ABŞ ilə İran arasında nüvə proqramı ilə bağlı dialoq, yalnız texniki və ya nüvə məsələsinə dair anlaşmadan ibarət deyil - bu danışıqlar, eyni zamanda, regional güc balansı, İsrailin təhlükəsizlik tələbləri, Fələstin məsələsi, Qəzza böhranı və Körfəz ölkələrinin maraqları ilə sıx şəkildə bağlıdır. İran isə öz növbəsində nüvə proqramından sadəcə enerji və ya hərbi məqsədli layihə kimi deyil, həm də geosiyasi təzyiq aləti kimi istifadə edir. ABŞ-ın Qəzzada "konsorsium idarəçilik modeli” qurmaq niyyəti, yəni bir neçə ərəb ölkəsinin və beynəlxalq aktorların Qəzza üzərində kollektiv nəzarət mexanizmi yaratmaq istəyi, faktiki olaraq İranın bölgədəki təsir dairəsini zəiflətmək məqsədi daşıyır. İran isə buna öz nüfuz dairəsinə açıq müdaxilə kimi baxır və ona görə də belə bir strukturun qurulmasına müqavimət göstərir".
 


Ekspert qeyd edir ki, Tramp dövründə diplomatiyanın uğursuzluğu da bu günə miras qalan gərginliyin səbəblərindəndir:

"Trampın "maksimum təzyiq" strategiyası İranla münasibətləri pozdu və nüvə sazişindən çıxmaqla (JCPOA) diplomatik körpüləri yandırdı. Həmin dövrün fəsadları hələ də bərpa edilməyib və bu da danışıqları "ziqzaqlı” edir – yəni, irəliləyiş və geriləmələr bir-birini izləyir".

Azər Hüseynov bildirir ki, Ukrayna məsələsi də nüvə danışıqlarında əlavə gərginlik yaradır: 

"Ukrayna məsələsində də ABŞ İranın mövqeyindən narazıdır. İranın Rusiyaya silah və pilotsuz aparatlarla dolaylı dəstək verməsi Vaşinqtonda narahatlıq doğurur və nüvə danışıqlarına əlavə gərginlik gətirir. Fələstin problemi isə bütün bu proseslərin qəlbindədir. İran özünü Fələstin müqavimətinin başlıca dəstəkçisi kimi təqdim edir və Qəzza ilə bağlı yeni struktur təkliflərini "İsrailin təhlükəsizliyini təmin etmək üçün bölgəni ram etmə cəhdi" kimi şərh edir".

Qeyd edək ki, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Əsmail Baqai ABŞ-la İran arasında Tehranın nüvə proqramı ilə bağlı Omanda keçirilən növbəti dolayı danışıqların çətin keçdiyini, lakin tərəflərin mövqelərini anlamaq baxımından faydalı olduğunu bildirib. 

"Omanda ABŞ və İran arasında dördüncü raund dolayı danışıqlar başa çatdı, çətin oldu. Lakin bir-birilərinin mövqelərini daha yaxşı anlamaq və fikir ayrılıqlarının həlli üçün məqbul və real yollar axtarmaq baxımından faydalı danışıqlar oldu", deyə o yazıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->