Kosmik tədqiqatlarının gələcəyi hər ötən gün daha da qeyri-müəyyən bir xarakter alır. NASA-nın büdcə kəsintiləri, özəl şirkətlərin yüksəlişi və elmi nailiyyətlərin ticariləşdirilməsi bu sahədə ciddi dönüş nöqtələrinin yaşandığını göstərir.
Qaynarinfo xəbər verir ki, bir zamanlar NASA-nın hər yeni layihəsi, xüsusən də Ceyms Uebb Kosmik Teleskopunun göndərdiyi görüntülər və D.A.R.T. missiyası kimi müdafiə yönümlü təşəbbüslər, elmsevərləri həyəcanlandırırdı. Lakin son illərdə bu marağın və diqqətin nəzərəçarpacaq dərəcədə azaldığı müşahidə olunur.
Qlobal xaos, elmi arxa plana itələyir
Rusiyanın Ukraynaya qarşı müharibəsi, Yaxın Şərqdə davam edən qarşıdurmalar, ABŞ daxilindəki siyasi qütbləşmə və Tramp dönəmində başlayan ticarət müharibələrinin təsirləri hələ də qalmaqdadır. Bu mənzərə, elmi inkişafların ictimai və media gündəmindən kənarda qalmasına səbəb olur.
Mütəxəssislərə görə NASA-nın qarşısındakı ən böyük çətinliklərdən biri, elmi məqsədlərin siyasi qərarlarla formalaşmasıdır. Dövlət qurumu olan NASA-da hər yeni administrasiya ilə prioritetlər dəyişir ki, bu da uzunmüddətli elmi layihələrin davamlılığını təhdid edir.
Xüsusilə Tramp rəhbərliyinin 2026-cı il üçün təklif etdiyi büdcə kəsintiləri, NASA-nın bir sıra mühüm layihəsinin ləğv olunması riskini gündəmə gətirir. Belə bir ssenari təkcə ABŞ deyil, dünya elmi cəmiyyəti üçün də ciddi narahatlıq doğurur.
Özəl sektor yüksəlir - amma bu kifayət edirmi?
Son illərdə "SpaceX", "Blue Origin" kimi özəl şirkətlərin təşəbbüsləri, kosmos araşdırmalarına yeni nəfəs verib. "Starship" kimi layihələr, gələcək kosmik səfərlərə ümid bəsləməyə əsas verir. Lakin elm adamları bildirirlər ki, bu özəl təşəbbüslər, dövlət dəstəyi ilə aparılan uzunmüddətli elmi araşdırmaların yerini tam tuta bilməz.
Unudulmamalıdır ki, "SpaceX"in bu gün əldə etdiyi uğurların arxasında NASA-nın onilliklərə dayanan təcrübəsi və infrastrukturu durur. Dövlət və özəl sektorun əməkdaşlığı vacib olsa da, fundamental elmi məqsədlərin ticarət maraqları qarşısında ikinci plana keçməsi qəbulolunmaz sayılır.
Ticariləşən kosmos: elm, yoxsa qazanc?
NASA-nın uzunmüddətli strategiyasında özəl sektorla daha sıx əməkdaşlıq nəzərdə tutulur. Bu model xərclərin azaldılması və texnoloji yeniliklərin sürətləndirilməsi baxımından üstünlüklər təqdim etsə də, ictimai maraqlara xidmət edən elmi tədqiqatların kölgədə qalması riskini də özü ilə gətirir.
Əgər kosmos tədqiqatları tamamilə özəl şirkətlərin nəzarətinə keçərsə, bu sahədəki fəaliyyətlərin sırf ticari maraqlarla müəyyən olunması ehtimalı artır. Belə yanaşma isə həm etik, həm də elmi obyektivlik baxımından ciddi suallar doğurur.
Hazırda özəl şirkətlərdə çalışan mühəndis və alimlər əhəmiyyətli töhfələr verirlər. Ancaq layihələrin iqtisadi gəlirlilik əsasında qiymətləndirilməsi, elmin müstəqilliyini sarsıdan yanaşma kimi tənqid olunur. ABŞ ilə Çin arasında artan "kosmosda üstünlük” rəqabəti də bu iqtisadi və strateji baxış bucağının əlamətidir.
Ümidlər hələ də yaşayır
Bütün bu çətinliklərə baxmayaraq, elmi ictimaiyyət hələ də ümidlidir. NASA-nın yeni "Nancy Grace Roman" teleskopu, Marsdan nümunə gətirmə missiyası kimi təşəbbüslər böyük maraqla gözlənilir. Ancaq bu layihələrin uğur qazanması üçün siyasi qərarların elmə daha çox dəstək verməsi vacibdir.
NASA keçmişdə yaşadığı texniki və təşkilati çətinliklərə baxmayaraq, ictimai etimadını böyük ölçüdə qoruyub saxlayır. Lakin gündəmdəki büdcə kəsintiləri həyata keçərsə, bu etimadın zədələnə biləcəyi barədə xəbərdarlıqlar artır. Elmi irəliləyişlərin davamlılığı üçün siyasi iradənin elmi təşviq etməsi hər zamankından daha vacib sayılır.
Aydın
Şərhlər