Biləsuvar rayonunun Ağalıkəndində fəaliyyət göstərən kafedən spritli içkilər oğurlanıb.
Qaynarinfo-nın məlumatına görə, polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənin şəxsiyyəti müəyyən olunub. Məlum olub ki, oğurluğu həmin kəndin sakinlərindən (müəyyən səbəblərdən adını açıqlamırıq) biri törədib.
Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən həmin şəxs ibtidai istintaqa ifadəsində bildirib ki, ailəsi dağıldığına görə mütəmadı olaraq spirtli içki qəbul edir. Hadisə baş verən gün də sərxoş olub. Gecə saatlarında yenidən spritli içki içmək üçün S.Əliyevə məxsus kafeyə gəlib. Kafenin bağlı olduğunu görüb, aralı qalmış pəncərəsindən içəri daxil olub. Həmin vaxt sərxoş vəziyyətdə olduğu üçün nə etdiyinin fərqinə varmayıb. Kafenin mətbəxinə keçərək oradakı araqları götürüb çıxıb.
İttiham aktında qeyd olunub ki, təqsirləndirilən şəxs kafedən 13 manat 60 qəpik dəyərində bir litrlik "Xan Diamond” markalı, bir ədədi 15 manat 99 qəpik olan, cəmi 63 manat 96 qəpik dəyərində 4 ədəd bir litrlik "Selected” markalı, bir ədədi 12 manat 99 qəpik olan, cəmi 25 manat 98 qəpik dəyərində 2 ədəd 0,7 litrlik "Selected” markalı, bir ədədi 14 manat 40 qəpik olan, cəmi 28 manat 80 qəpik dəyərində 2 ədəd bir litrlik "Organic Plus” markalı, bir ədədi 11 manat 30 qəpik olan, cəmi 33 manat 90 qəpik dəyərində 3 ədəd 0,7 litrlik "Organic Plus” markalı, bir ədədi 9 manat 40 qəpik olan, cəmi 18 manat 80 qəpik dəyərində 2 ədəd 0,5 litrlik "Organic Plus” markalı, 13 manat dəyərində 1 ədəd bir litrlik "101 Vodka” markalı, bir ədədi 9 manat olan, cəmi 18 manat dəyərində 2 ədəd 0,7 litrlik "Organic Premium” markalı, bir ədədi 11 manat olan, cəmi 22 manat dəyərində 2 ədəd 0,7 litrlik "Organic Number 1” markalı araqları özü ilə gətirdiyi kisəyə yığmaqla, gizli olaraq talayıb ələ keçirib.
Cinayət işinin məhkəmə istintaqı zamanı məlum olub ki, zərərçəkmişə dəymiş zərər tam ödənilib və tərəflər barışıq əldə edib. Bununla belə, hadisəni törədən şəxsə 2 il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
Seyid
Şərhlər