(Yazı "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” mövzusu üzrə hazırlanıb)
"Ailə kiçik dövlətdir” deyirlər. Necə ki, bir dövlətin sabitliyi onun idarəçiliyindən, qanunlarından və vətəndaşlarının bir-birinə olan hörmətindən asılıdırsa, ailə də eyni prinsiplərlə ayaqda qalır. Bu kiçik dövlətin təməlində sevgi, anlayış, güvən və birgə məsuliyyət dayanır. Lakin bu dəyərlər sarsıldıqda, ailənin içində gərginliklər yaranır və nəticədə bu "kiçik dövlət” dağılmaq təhlükəsi ilə üz-üzə qalır. Boşanma bu kiçik dövlətin dağılması, onun vətəndaşları olan ailə üzvlərinin, xüsusilə də uşaqların həyatında dərin izlər buraxan bir prosesdir. Bu səbəbdən boşanma yalnız şəxsi münasibətlərin sonu kimi deyil, həm də cəmiyyətin sosial sağlamlığına təsir edən ciddi bir hadisə kimi qiymətləndirilir.
Azərbaycanda bu ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,0-dan 1,9-a düşüb.
Boşanmalarla bağlı tez-tez yazılan yazıların, çıxışların fonunda bu statistika ürəkaçan kimi görünsə də, ötən il üçün açıqlanan göstəricilər bunun əksini deyir. 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınmışdı. Bu statistika isə göstərir ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.
Sosioloqlar, psixoloqlar boşanmaları müxtəlif sosial, psixoloji problemlərə bağlayırlar.
Bəs əsl səbəb nədir?
Qaynarinfo boşanma hallarının altında yatan əsas səbəbləri, onların fərdlərdə, uşaqlarda yaratdığı psixoloji travmaları psixoloq Gülnar Orucova ilə müzakirə edib.
- Son illərdə Azərbaycanda ailə modelində hansı əsas dəyişikliklər müşahidə olunur?
- Əvvəllər ailələr daha geniş, ailə tərkibində çox insan olurdu, indi isə nüvə ailə modelidir. Ailə ana, ata, uşaqdan ibarətdir. Yeni evlənənlər valideynləri ilə yaşamırlar. Bu gün ailələrdə problemlər həll olunsa da, yenə də bəzən boşanmalar qaçılmaz olur. Əvvəllər insanlar daha erkən yaşda ailə qururdularsa, indi bu yaş həddi artıb. 30-35 yaşın üzərində evlənənlər var. Lakin bu yaşda evlənənlər də ayrılırlar.
- Gülnar xanım, Azərbaycanda boşanma hallarının artmasının əsas sosial və psixoloji səbəbləri nələrdir?
- Boşanmaların bir çox səbəbi var. Statistikaya nəzər salsaq, görərik ki, bu gün boşanmalar daha çox xəyanət motivlidir. Səbəbini axtardıqda isə bunu sosial şəbəkələrdə tapırıq. Sanki xanımlar da, bəylər də sosial şəbəkələrə "sevgili ovu”na çıxırlar. Burdan kimisə tapırlar, düşünürlər ki, tapdıqları insan münasibət qurulacaq insandır. Belə davam edəndə də ailələrə xəyanət girir, sədaqətsizliyin olduğu yerdə təbii ki, ailə olmaq mümkün deyil. Ailələrin boşanma səbəblərindən biri zərərli vərdişlərdir. Qarşı tərəf zərərli vərdişləri olan insanlardan əksər halda ayrılmağa məcbur olur.
- Bəzən boşanmaların suçunu qadınların üstünə atırlar. Deyirlər qadındır, anadır, gərək oturub dözərdi...
- Müasir dövrdə Ailə modelinin dəyişməsiylə paralel qadının cəmiyyətə inteqrasiyası da artıb. Qadınlarımız əvvəlki qadın deyil ki, susa, güzəştə gedə və s. İndi qadın öz haqqını tələb edir. Qadın artıq "ayağını yerə vurmağı bacaranda”, nəyisə bəyənməyəndə ayrılmaq qərarı alır. Bu gün Azərbaycanda kişinin xəyanəti xəyanət sayılmır, lakin qadının xəyanəti xəyanət sayılır. Bu isə doğru fikir deyil. Buna da qətiyyən haqq qazandırmaq olmaz.
- Maddi çətinliklər, ünsiyyət problemləri və fərdi azadlıq axtarışı bu artıma necə təsir edir?
- Əvvəllər maddi durumu kifayət qədər aşağı olan ailələr var idi ki, onlar bu səbəbə görə ayrılmırdılar. Amma indi buna görə boşanırlar. Deyirlər, iş tapmaq çətindir, lakin indi işləmək istəyən insan üçün hər cür şərait var. Amma buna baxmayaraq, elə bu səbəbi bəhanə edib boşananların sayı artır. Düşünürəm ki, istər oğlan, istərsə də qızların valideynləri boşanma qərarına heç bir halda müdaxilə etməməlidir. Qızlara "boşan, gəl, sənə baxarıq” sözü deyilməməlidir.
- Boşanma və ailədaxili münaqişələr uşaqların psixoloji inkişafına necə təsir edir?
Boşanmaların fəsadları uşaqlar üzərində çox pis təzahür edir. Ata özgüvəndir, atalı uşaq özünü daha inamlı və güclü hesab edir. Ana nə qədər yaxşı olsa da, uşaq hər zaman atadan bəhrələnmiş olur. Bu səbəbə görə də çalışmaq lazımdır ki, ailə bütöv olsun. Çünki boşanan uşaqların psixologiyasında bir sıra dəyişikliklər baş verir. Birincisi, onlarda itirmə qorxusu ortaya çıxır, depressiyaya düşür, narahatlıq, əsəb, stres kimi faktorlar qaçılmaz olur. Bu gün depressiyanın yaşı da çox gəncləşib.
Mən hər zaman boşanan cütlüklərə deyirəm ki, siz ata və ana olaraq ayrılmırsınız, valideyn olaraq ayrılmırsınız, siz həyat yoldaşı olaraq ayrılırsınız. Lakin bəzən boşanan cütlüklər bir-birini şantaj edir, uşağı göstərmir, aliment üstündə davalar düşür. Bu problemlər də uşaqlara pis təsir edir. Uşaqlarda buna bağlı selektiv mutizm olur. Onlar bəzi insanları seçərək onlarla danışır. Bu cür hallarda uşaqların inkişafında, xüsusi ilə nitqində bir sıra problem ortaya çıxarır.
- Boşanma prosesi zamanı fərdlərin yaşadığı stress və travmaların öhdəsindən gəlmək üçün hansı psixoloji dəstək mexanizmləri mövcuddur?
- Bu gün dövlət cütlüklərə evlənəndə yox, boşananda psixoloji dəstək məqsədi ilə psixoloqlar təyin edir. Belə cütlüklər psixoloqların xidmətindən yararlanmalıdır. Uşaqlarını da bu psixoloqa mütləq aparmalıdırlar. Bu gün hər şey yaxşı imiş kimi görünə bilər. Amma postravmatikstres var ki, baş verən hadisələrdən sonra belə psixoloji problemlər özünü biruzə verir.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər