Xəbər lenti

Britaniyanın ən varlı adamları: Kral III Çarlz 238-ci pillədə (SİYAHI)
Dünya 18:15 16.05.2025

Britaniyanın ən varlı adamları: Kral III Çarlz 238-ci pillədə (SİYAHI)

"The Sunday Times" nəşri 2025-ci il üçün Böyük Britaniyanın ən varlı şəxslərinin siyahısını dərc edib. 

Qaynarinfo xəbər verir ki, reytinqə görə, ölkənin ən zəngin insanlarının ümumi sərvəti ötən illə müqayisədə 3% azalıb və 772,8 milyard funt-sterlinq təşkil edib. 

Ən varlı britaniyalılar siyahısında ilk üçlük dəyişməz qalıb. Birinci yerdə Hindistanın "Hinduja Group" sənaye-maliyyə konqlomeratının sahibi Qopi Hinduja və onun ailəsi qərarlaşıb - onların sərvəti 35,3 milyard funt-sterlinq olaraq qiymətləndirilir. 

İkinci yerdə "Reuben Brothers" şirkətinin qurucuları olan Deyvid və Saymon Rubenin ailəsi yer alıb - 26,9 milyard funt-sterlinq.

Üçüncü yerdə isə "Warner Music Group"u idarə edən investor ser Leonard (Len) Blavatnik qərarlaşıb - onun sərvəti £25,7 milyard təşkil edir.

İlk "onluq" həmçinin aşağıdakı şəxslər yer alıb:

4. "Dyson" şirkətinin qurucusu ser Ceyms Dayson və ailəsi,
5. İsrailin "Quantum Pacific Group" və "Israel Corporation" holdinqlərinin sahibi İdan Ofer,
6. "Primark" pərakəndə şəbəkəsinin sahibi olan Ueston ailəsi,
7. Kimya sənayesi nəhəngi "Ineos"un təsisçisi ser Cim Ratklif,
8. "ArcelorMittal" şirkətinin sahibi Lakşmi Mittal və ailəsi,
9. "Frontline" gəmiçilik şirkətinin sahibi Con Frederiksen,
10. Oyun inkişaf etdirmə şirkəti "Playrix"in qurucuları - İqor və Dmitri Buxman qardaşları (£12,5 milyard).

Qeyd edək ki, "The Sunday Times Rich List" reytinqi 1989-cu ildən bəri hazırlanır. Siyahıya yalnız Britaniya vətəndaşları deyil, Böyük Britaniyada yaşayan, burada işləyən, bu ölkə ilə sıx əlaqələri olan və ya britaniyalı ilə evli olan şəxslər də daxil edilir. Reytinq həmçinin Britaniyada daşınmaz əmlak, siyasi partiyalara və xeyriyyə fondlarına dəstək kimi meyarları da nəzərə alır.

Bu il reytinqdəki milyarderlərin sayı 165-dən 156-ya düşüb. Bu, ardıcıl üçüncü il azalma tendensiyasıdır (2022-ci ildə rekord göstərici - 177 milyarder qeydə alınmışdı).

Böyük Britaniya kralı III Çarlz reytinqdə 238-ci yerdə qərarlaşıb (640 milyon funt-sterlinq sərvət ilə). Maraqlıdır ki, eyni yeri sabiq baş nazir Rişi Sunak və onun həyat yoldaşı Akşata Murti də bölüşürlər.

Siyahıya bir neçə məşhur musiqiçi də daxildir:

Pol Makkartni və həyat yoldaşı Nensi - 151-ci yer (1 milyard funt-sterlinq ),
Elton Con - 283-cü yer (475 milyon funt-sterlinq),
Mik Caqqer və Kit Riçards - hər ikisi 295-ci yeri paylaşır (təxminən 440 milyon funt-sterlinq),
Ed Şiran - 333-cü yer (370 milyon funt-sterlinq).

Digər tanınmış simalar arasında "Harri Potter"in müəllifi Coan Roulinq (168-ci yer; 945 milyon funt-sterlinq), keçmiş futbolçu Devid Bekhem və həyat yoldaşı, müğənni və model Viktoriya Bekhem (273-cü yer; 500 milyon funt-sterlinq), eləcə də rejissor ser Kristofer Nolan və həyat yoldaşı dama Emma Tomas (340-cı yer; 360 milyon funt-sterlinq) yer alıblar.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->