Xəbər lenti

İran əsilli qadın Anqlikan kilsəsinin yeni rəhbəri ola bilər
Dünya 19:15 16.05.2025

İran əsilli qadın Anqlikan kilsəsinin yeni rəhbəri ola bilər

Anglikan kilsəsinin başçısı vəzifəsinə ilk dəfə qadın namizəd real şəkildə gündəmə gəlib. Həm də o, İranda doğulmuş şəxsdir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" nəşri məlumat yayıb. 

Qəzetin yazdığına görə, Böyük Britaniyanın iki aparıcı mərc şirkəti - "Ladbrokes” və "Star Sports” - Çelmsford yepiskopu Gülzar Eleonora Frensis-Dehkanini Kenterberi arxiyepiskopu, yəni Anglikan kilsəsinin və bütün dünya üzrə Anglikan icmasının ruhani rəhbəri postuna ən real namizəd hesab edir.

Hazırkı Kenterberi arxiyepiskopu Castin Uelbinin istefa verəcəyi ötən ilin noyabrında açıqlanmışdı. Bu qərar bir neçə kilsə layihəsinə rəhbərlik edən və sonradan kilsə tarixində "ən genişmiqyaslı cinsi cinayətkar" kimi tanınan şəxslə bağlı passiv mövqeyinə görə ciddi tənqidlərə məruz qalmasından sonra verilmişdi.

Gülzar Frensis-Dehkani 1966-cı ildə İranın İsfahan şəhərində anadan olub. İslam inqilabından sonra onun ailəsi Böyük Britaniyaya mühacirət edib. O, 2021-ci ildən etibarən Çelmsford yepiskopu vəzifəsini icra edir.

Yaxın keçmişdə Gülzar baş nazir ser Kir Starmerin ölkənin "yad adamlar adasına çevrildiyi" barədə bəyanatını tənqid etmişdi. Frensis-Dehkani demişdi:

"Mənim üzvü olduğum kilsə və cəmiyyətlərdə biz "yad adamlar adası" deyilik. Miqrantlar yad deyillər. Onlar bizim dostlarımızdır, dualarımıza, xidmətimizə və həyatımıza tam şəkildə qatılır, töhfə verirlər".

"The Times" qeyd edir ki, mərc şirkətlərinin favoritləri həmişə qalib gəlməsə də, bu dəfə qadının Anglikan kilsəsinin ruhani lideri seçilmə ehtimalı yüksəkdir. "Ladbrokes"un açıqladığı beş əsas favoritdən üçü qadındır, "Star Sports"un səkkiz favoritindən isə beşi qadındır.

Qeyd edək ki, Anglikan kilsəsinin rəsmi başçısı Böyük Britaniya monarxıdır, lakin ruhani lider səlahiyyətləri Kenterberi arxiyepiskopuna aiddir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->