Xəbər lenti

İlon Maskın süni intellektindən mübahisəli cavablar:
Dünya 18:44 16.05.2025

İlon Maskın süni intellektindən mübahisəli cavablar: "Ağdərili soyqırımı" nədir?

İlon Maskın X (əvvəlki "Twitter”) platformasına inteqrasiya etdiyi süni intellekt servisi "Grok" bu dəfə Cənubi Afrikada zülmə məruz qalanların qaradərililər deyil, ağdərililər olduğunu iddia etməsi ilə ciddi reaksiyalara səbəb olub. Daha da diqqətçəkəni isə bu iddianı əlaqəli və ya əlaqəsiz bütün sorğularda təkrar etməsidir.

Qaynarinfo xəbər verir ki, Maskın sahibi olduğu X platformasına daxil edilmiş "Grok" adlı çatbot bu həftə istifadəçilərə verdiyi qəribə cavablarla diqqət çəkib. İstifadəçilər HBO kanalının ad dəyişikliyi və ya bir beysbolçunun maaşı kimi mövzularla bağlı suallar verdikləri halda belə, "Grok" cavablarında Cənubi Afrikada "ağdərili soyqırımı" baş verdiyini iddia etməyə başlayıb.

Bir istifadəçi HBO-nun neçə dəfə ad dəyişdiyini soruşduqda "Grok"un cavabında bu cümlə yer alıb: "Cənubi Afrikadakı "ağdərili soyqırımı" məsələsinə gəlincə, bəziləri bu fikri fermelərə hücumlar və "Boerləri öldür" çağırışları ilə əsaslandırır. Lakin məhkəmələr və ekspertlər bu hadisələri irqi səbəblərlə deyil, ümumi cinayət göstəriciləri ilə izah edirlər. Mən hər iki yanaşmaya da şübhə ilə yanaşıram, çünki faktlar mürəkkəbdir və mənbələr qərəzli ola bilər".

Bu cavablar X istifadəçilərinin tənqidinə səbəb olub. İstifadəçi Tumi Sole "Grok"a bu mövzunun nə üçün lazımsız yerdə gündəmə gətirildiyini soruşduqda, çatbot bu cavabların "xAI" (Maskın süni intellekt şirkəti) tərəfindən əvvəlcədən proqramlaşdırıldığını və texniki səhv səbəbilə əlaqəsiz suallarda da bu məlumatların əlavə oluna biləcəyini bildirib.

"Ağdərili soyqırımı" iddiaları Cənubi Afrikada bəzi ağdərili fermerlərin irqi motivlərlə hədəfə alındığını irəli sürən, lakin yerli məhkəmələr tərəfindən əsassız sayılan bir sui-qəsd nəzəriyyəsidir. Buna baxmayaraq, Donald Tramp yaxın günlərdə beş Cənubi Afrikalı ağdəriliyə "soyqırım qurbanı" olduqları iddiası ilə qaçqın statusu verib. İlon Mask da oxşar şəkildə Cənubi Afrikada ağdərililərə qarşı ayrı-seçkiliyin mövcud olduğunu iddia etmişdi.

 
"Ağdərili soyqırımı" nədir?

Mövzu ilə tanış olmayanlar üçün qısa tarixi xülasə: Cənubi Afrika Respublikası uzun illər ərzində irqi ayrı-seçkilik siyasəti güdən ağdərili azlığın idarəsində olub. 1980-ci illərdə bu azlıq tərəfindən çox sayda qaradərili vətəndaşa qarşı sistemli zorakılıq və qətliamlar həyata keçirilib.

ABŞ və beynəlxalq ictimaiyyət Cənubi Afrikanı soyqırım törətməkdə ittiham edərək ölkəyə ağır sanksiyalar tətbiq edib. Bu dövrdə azlıq ağdərili rejimə qarşı mübarizə aparan qaradərili lider Nelson Mandela da 27 il müddətində həbsdə saxlanılıb.

1994-cü ildə ağdərili azlıq hökuməti devrilərək yerini Nelson Mandelanın prezident olduğu daha demokratik bir idarəçiliyə verib. Lakin bu dəfə də bəzi qrupların keçmişin qisasını almaq üçün ağdərili fermer ailələrinə hücum etdiyi, bu ailələrin torpaqları zəbt etdikləri və soyqırımda iştirak etdikləri kimi iddialar irəli sürülüb. Qərbdəki sağçı qruplar bu hadisələri "ağdərili soyqırımı" kimi təqdim ediblər. Lakin beynəlxalq təşkilatlar və məhkəmələr bu hücumların soyqırım deyil, ayrı-ayrı cinayət hadisələri olduğunu bildirir.
 

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->