Xəbər lenti

Azərbaycan
Siyasət 20:27 15.05.2025

Azərbaycan "Avraam razılaşması"na qoşula bilərmi? (RƏY)

"Azərbaycana qarşı ərazi iddiasından çıxış edən bir ölkə ilə eyni sülh sazişində ortaq çərçivədə olmağımız mümkün görünmür".

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun "Azərbaycan və Ermənistanın da yaxın gələcəkdə "Avraam razılaşması"na qoşula biləcəyi barədə fikrini şərh edərkən deyib: 

"Ancaq bura Ermənistanın daxil olması üçün ilk növbədə İrəvanla Bakı arasında sülh olmalıdır. Bütövlükdə isə Azərbaycan bu sazişdə yer ala bilər. Nəticə etibarı ilə bu ölkəmizin milli maraqlarının məzmunu ilə üst-üstə düşür".

Deputat qeyd edir ki, Yaxın Şərqə uzunmüddətli sülhün gəlməsi üçün bütün regional aktorların qəbul etdiyi və həyata keçirilməsi mümkün olan yeni bir sülh konsepsiyası lazımdır:

"Belə bir konsepsiyanın formalaşması və onun Yaxın Şərqdə həyata keçirilməsinin ideoloji bazası doğru müəyyənləşdirilib. İbrahim peyğəmbər həm İsrail, həm də Fələstin xalqının əcdadıdır. Yəni semitlərin əcdadıdır. Ərəblər İbrahim peyğəmbərin övladı İsmayılın, yəhudilər isə İshaqın törəmələridir. Ərəblər və yəhudilərin inancları da səmavi dinlərlə bağlıdır. Səmavi dinlərin hamısına bir yerdə isə İbrahimi dinlər deyilir".
 

 
Həmsöhbətimiz deyir ki, "Avraam sazişi” nəzəri baxımdan sülhün əldə olunması üçün iki mühüm komponenti - dini və ideoloji vəhdəti özündə cəmləşdirib: 

"Tərəflərin yeni dünyagörüşü, yeni baxışı mənimsəməsi məsələsi gündəmdədir". 

"Avraam razılaşması"nın coğrafiyasının genişlənməsinə gəldikdə, deputatın fikrincə, bu, çox faydalı ola bilər:

"Nəticə etibarı ilə bu bir sülh konsepsiyasıdırsa, Yaxın Şərqə qonşu olan regionları da əhatə edə bilər. Yaxın Şərqin heç bir aktoru, Azərbaycan da daxil olmaqla bu dəyərlərdən kənar deyil. Azərbaycandakı multikultural mühit ölkəmizin milli mədəniyyətini təyin edən komponentlərdən biridir. Azərbaycan dövlətçilik tarixinin özü İbrahimi dinlərinin hamısı ilə əlaqəli və zəngin olub. Azərbaycanda dövlət səviyyəsində xristianlıq da olub. Əcdadlarımız olan Xəzər Xaqanlığı isə yəhudiliyi din kimi mənimsəyib. Nəhayət VII əsrdə İslamı qəbul etmişik və bu gün də həmin dəyərlərlə yaşayırıq. Böyük Avraam sazişinin mənimsənilməsi və sülhə xidmət etməsi üçün Azərbaycanda hər bir şərt, tarixi-ideoloji və hazırkı xarici siyasət kontekstində zəmin var".

Qeyd edək ki, ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff "Breitbart News”a müsahibəsində deyib ki, Vaşinqton "Avraam razılaşması”nın genişləndirilməsinə icazə verib. Stiv Uitkoff Azərbaycan və Ermənistanın da yaxın gələcəkdə "Avraam razılaşması”na qoşula biləcəyini qeyd edib:

"Mən təxmin edirəm ki, biz nisbətən tezliklə Livanda və hətta Suriyada vəziyyətin normallaşması potensialını görəcəyik. Onlardan güclü müsbət reaksiya gəldi. Bu, Liviya ilə də baş verə bilər. Mən "Avraam razılaşması”na qoşulmaqdan danışıram. Bu, Azərbaycan və Ermənistanla da baş verə bilər, hansı ki, onlar arasındakı münaqişəni həll etməyə çox yaxın olduğumuza inanırıq. Hesab edirəm ki, bu ölkələrin hər ikisi "Avraam razılaşması”na qoşulmaq istəyir".

O deyib ki, yaxın bir neçə ay ərzində 4 və ya 5, bəlkə də 6 ölkə "Avraam razılaşması”nı imzalayacaq. 

Xatırladaq ki, "Avraam razılaşması” 2020-2021-ci illərdə İsraillə BƏƏ, Bəhreyn, Sudan və Mərakeş arasında imzalanıb.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->