"Hacıqabul Quşçuluq Şirkəti” MMC-də oğurluq baş verib.
Qaynarinfo-nun məlumatına görə, şirkətin anbarından 870 manat dəyərində elektrik kabelləri və 209 manat dəyərində kamera, yaddaş kartı və disklər oğurlanıb.
Oğurluğu şirkətin fəhləsi törədib. O, bir neçə dəfə oğurluq etdikdən sonra şirkət rəhbərliyi əraziyə kamera yerləşdirilib. Kameralar nəticəsində hadisəni törədənin kimliyi məlum olub.
Olay barədə polisə məlumat verilib. Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları həmin fəhləni saxlayıb. Ona qarşı Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə ittiham elan edilib və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Hacıqabul Rayon Məhkəməsində hakim Orxan Bayramovun sədrliyi ilə baxılıb. Təqsirləndirilən şəxs əməlini maddi durumu ilə izah edib.
Məhkəmənin hökmü ilə ona 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli qismində saxlanıldığı 2 gün müddət 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
"Hacıqabul Quşçuluq Şirkəti” MMC 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 357 580,46 manatdır. Şirkətin qanuni təmsilçisi Babaşov Nemət Adışirin oğludur.
"Hacıqabul Quşçuluq Şirkəti” MMC "Yumurta № 1” ticarət nişanı ilə tanınır. Şirkətin təsisçisi Nemət Babaşovun atası Adışirin Babaşovdur.
Şirkətin veb-səhifəsində qeyd edilib ki, "Hacıqabul Quşçuluq Şirkəti” MMC Zaqafqaziyanın ən böyük yumurta istehsalçısıdır.
Nemət Babaşovun qardaşı Şöhrət Babaşov "Pakdad 2008” MMC və "Coffee Service” MMC-nin rəhbəridir. Nemət Babaşovun əmisi Dilavər Babaşov isə "Sabirabad Quşçuluq” şirkətinin rəhbəridir.
O, cari ilin may ayında Babaşov qardaşlarından şikayətçi olmaqla gündəmə gəlmişdi. Dilavər Babaşovun iddiasına görə, qardaşı oğlanları onun etibarından sui-istifadə edərək fabriki əlindən almağa çalışıblar.
Bundan bir neçə gün sonra isə "Hacıqabul Quşçuluq” MMC, "Coffee Service” MMC, "Pakdad 2008” MMC ləğv olunduqlarını açıqlayıb.
Seyid
Şərhlər