Xəbər lenti

Yanvarda savaş bitə bilər: Ukraynada yeni seçkilər gündəmə gəlir (ŞƏRH)
Dünya 13:37 25.12.2025

Yanvarda savaş bitə bilər: Ukraynada yeni seçkilər gündəmə gəlir (ŞƏRH)

"Müharibə davam etdiyi müddətdə seçkilərin keçirilməsi mümkünsüzdür. Amma məsələ ondadır ki, yaxın vaxtlarda Ukraynada müharibə dayandırılacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev Ukraynada müharibənin davam etməsi fonunda seçkilərin keçirilməsinin mümkünlüyünü şərh edərkən deyib. 

Həmsöhbətimiz bu qənaətdədir ki, cari ilin sonuna qədər atəşkəs elan olunacaq: 

"Bu ilin sonuna qədər atəşkəsin olacağını gözləyirəm. Bütün hallarda hesab edirəm ki, yanvar ayında müharibə bitəcək. Aparılan danışıqlar prosesi bunu deməyə əsas verir. Putinin xüsusi nümayəndəsi Mayamidə məxfi danışıqlar aparıb. Bu baxımdan, prosesin sonrakı gedişini optimist qiymətləndirmək olar. Deməli, Ukraynada seçkilər bütün hallarda müharibənin dayandırılması şəraitində keçiriləcək. Müharibə davam etdiyi müddətdə isə bu mümkün deyil".
 


Müharibənin daha bir il davam edəcəyi təqdirdə Rusiyanı nələrin gözlədiyinə gəlincə, ekspert bildirib ki, şimal ölkəsinin vəziyyəti onsuz da kifayət qədər ağırdır:

"Rusiya son zamanlar daha böyük itkilərə məruz qalıb. Neftdən əldə olunan gəlirlər də azalıb. Çünki Rusiya neftinin satışı daha da çətinləşib, qiyməti isə xeyli aşağı düşüb. Əvvəllər müharibə şəraitində hərbi-sənaye kompleksi Rusiyanın ümumdaxili məhsulunun artımına xidmət edirdisə, indi bu amil artıq işlək deyil. Çünki yalnız hərbi-sənaye kompleksi hesabına iqtisadiyyatı dirçəltmək mümkün deyil. Bu amillər Rusiyanı tezliklə sülh sazişi imzalamağa təhrik edəcək. Rusiyada iqtisadi tənəzzül daxili narazılığı artıra bilər. Hazırda hakimiyyət müharibə mövzusundan istifadə edərək nəzarəti sərtləşdirib. Amma bu proses sonsuzadək davam edə bilməz. Onlar anlayırlar ki, vəziyyət daha da pisləşərsə, xalq ayağa qalxa bilər.
Fikrimcə, bu narazılıq daha çox milli regionlarda özünü göstərəcək".

Qeyd edək ki, Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk müharibə şəraitində seçkilərin keçirilməsi ilə bağlı qəbul ediləcək qanunun yalnız bir dəfə tətbiq olunacağını bildirib. O vurğulayıb ki, seçkilərin konkret olaraq nə vaxt, hansı şərtlərlə və hansı mexanizmlərlə keçiriləcəyi barədə hazırda geniş müzakirələrə başlamağı məqsədəuyğun hesab etmir. 

ABŞ-nin nüfuzlu "The Washington Post” qəzeti isə yazıb ki, Rusiya Ukraynadakı müharibə səbəbindən ciddi iqtisadi çətinliklərlə üzləşib və vəziyyət 2026-cı ildə xeyli pisləşə bilər. Nəşrin gəldiyi nəticəyə görə, Rusiya diktatoru Vladimir Putin əvvəllər hərbi xərclərə yönəlmiş nağd pul ehtiyatlarının və borc vəsaitlərinin əhəmiyyətli hissəsini artıq xərcləyib və qarşıda yeni maliyyə çətinlikləri ilə üz-üzədir. 

Rüfət Sultan
--> -->