Xəbər lenti

Rusiya-Ermənistan münasibətləri: Görünən yaxınlaşma, yoxsa gizli uzaqlaşma? (ŞƏRH)
Dünya 15:00 25.12.2025

Rusiya-Ermənistan münasibətləri: Görünən yaxınlaşma, yoxsa gizli uzaqlaşma? (ŞƏRH)

"Paşinyanın nə Rusiyanın orbitinə, nə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qayıtmaq kimi bir niyyəti yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri son dövrlər Ermənistanla Rusiya arasında əvvəlki gərginliyin açıq şəkildə müşahidə olunmaması fonunda İrəvanın KTMT-də iştirakını bərpa etməsi ehtimallarını şərh edərkən səsləndirib. 

Politoloqun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya istiqamətində səfərlərinin intensivləşməsindən strateji dönüş nəticələri çıxarmaq düzgün deyil: 

"Bu davranışlar daha çox parlament seçkiləri ərəfəsində Paşinyan hökumətinə qarşı Rusiyanın mümkün sərt və radikal addımlarının qarşısını almağa hesablanmış taktik gedişlərdir. Burada söhbət nə geosiyasi kursun dəyişməsindən, nə də Rusiyanın təsir orbitinə qayıdışdan gedir. Paşinyanın nə Rusiyanın orbitinə, nə də KTMT-yə qayıtmaq kimi bir siyasi planı mövcud deyil".
 


Natiq Miri vurğulayıb ki, Ermənistan orta və uzunmüddətli perspektivdə Rusiyanın inteqrasiya layihələrindən mərhələli şəkildə uzaqlaşma strategiyası yürüdür:

"Ermənistan perspektivdə iqtisadiyyatın bütün sahələri üzrə öz təhlükəsizlik və dayanıqlılıq mexanizmlərini formalaşdırdıqca, Avrasiya İqtisadi İttifaqı ilə əlaqələrini də tədricən zəiflədəcək. Lakin hazırkı mərhələdə İrəvan ehtiyatlı davranmağa məcburdur. Ona görə də Ermənistan KTMT-də faktiki iştirak etməsə də, öhdəliklərini yerinə yetirməsə də, prosesi açıq şəkildə sabotaj etmir".

Ekspertin fikrincə, Ermənistan rəhbərliyi KTMT məsələsində yekun qərarı şüurlu şəkildə sonraya saxlayıb: 

"Hazırda bütün siyasi diqqət parlament seçkilərinə yönəlib. Paşinyan bu mərhələdə balanslaşdırılmış, eyni zamanda hiyləgər siyasi xətt yürüdür. Kremldə bu taktikanın mahiyyətini başa düşsələr də, Paşinyanın bu davranışına qarşı radikal addımlar atmaq imkanları məhduddur".

Qeyd edək ki, son dövrlər Ermənistan-Rusiya münasibətlərində əvvəlki açıq gərginlik nəzərə çarpmır. Əksinə, Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfərlərinin intensivləşməsi müşahidə olunur. Bu fon isə İrəvanın KTMT-də iştirakını davam etdirəcəyi ilə bağlı müzakirələrə yol açıb. Bu günlərdə KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Rusiya mətbuatına verdiyi müsahibədə təşkilatın Ermənistanla tam əməkdaşlığa hazır olduğunu bir daha bəyan edərək, KTMT-nin qapılarının İrəvanın üzünə açıq olduğunu bildirib. 

O, Ermənistanın təşkilatda tam iştiraka qayıdacağına ümid etdiyini deyib. Ermənistan rəsmiləri isə xarici işlər nazirinin müavini Mnatsakan Səfəryanın timsalında İrəvanın KTMT-dən çıxmasının hazırda müzakirə predmeti olmadığını açıqlayıblar. 

Rüfət Sultan
--> -->