Bu həftəsonu keçiriləcək qarşılaşmalardan sonra Azərbaycan klubları qış fasiləsinə yollanacaqlar. Qış fasiləsinin ardından, daha dəqiqi yanvarın sonlarında ölkə çempionatı həlledici mərhələyə qədəm qoyacaq. Klublar mövsüm başlayanda qarşılarına qoyduqları məqsədə çatmaq üçün həlledici mübarizəyə başlayacaqlar.
Sözsüz ki, azarkeşləri ən çox narahat olan klub "Neftçi”dir. Əslində, azarkeşlərdən daha çox rəhbərliyin narahat olması lazımdır. Amma heç də belə görünmür. Onların dünya vecinə deyil. Dünən AFFA Premyer Liqada mübarizə aparan klubların gəlir-çıxarı barədə rəsmi rəqəmləri açıqlayıb. Ardıcıl iki il avrokuboklardan kənar qalan "Neftçi” 29 milyon manata yaxın gəlirlə "Qarabağ”ın ən yaxın izləyicisi olub. Təsəvvür edirsiz? Bir tərəfdə avrokuboklarda fırtına qoparan, Azərbaycanın dəyişməz çempionu "Qarabağ”, digər yanda isə iddiaların uzaq düşən, quruca ad-sanı qalan "Neftçi”.
Gəlir deyəndə söhbət heç də forma, bilet, yaxud da futbolçu satışından büdcəyə daxil olan pullardan getmir. Söhbət müxtəlif mənbələrdən "Neftçi”yə axıdılan, sonra göyə sovrulan milyonlardan gedir. Həmin milyonların sayəsində "Neftçi” ötən mövsüm Azərbaycanın ən çox məvacib verən klubu olub. Samir Abasovun rəhbərliyi altında 6-cı yeri tutan komandaya bu "qəhrəmanlığına” görə 18 milyondan çox maaş paylayıblar. Avropa Liqasının qrupuna yüksələn, Azərbaycan çempionu olan "Qarabağ”dan da 5 milyon manat çox. Sözsüz ki, bütün bu xərclərin arxasında kub rəhbərliyinin uzaqgörən siyasəti, mükəmməl idarəçiliyi dayanır. Elə uğursuzluqların arxasında da. Amma onlardan hesabat tələb edən, gözünün üstündə qaş olduğunu deyən yoxdur.
Proses hələ də davam edir. Samir Abasovu gözlənildiyi kimi, urvatsız edib, yola salandan sonra onun yerinə urkaynalı Yuri Vernidubudu gətiriblər. Taleyin ironiyasıdır. Axı Abasov digər ukraynalı Qriqorçuku itələyib, başa keçmişdi. İndi Samir bəy "Neftçi”dən qopardığı təzminatı necə kapitala çevirməyi fikirləşməkdəykən "Neftçi” digər ukraynalıya tapşırıldı. Daha bir qəribə məqam o oldu ki, Vernidubun siftəsini də elə Abasovun sabiq komandası, atıb "Neftçi”yə gəldiyi "Sumqayıt” korladı. "Ağ-qaralar” 2:0 hesabını qoruya bilməyib, son dəqiqələrdə qələbəni əldən verdilər. Kənddən bizim bədən tərbiyə müəllimimizi gətirib "Sumqayıt”la oyunda 2:0 hesabıyla öndə olan "Neftçi”nin başına qoysaydın, yetirmələrinə son dəqiqələrdə topu bir-birinə ötürməyi tapşırardı ki, qələbə əldən çıxmasın. Amma 15 dəqiqəyə beş əvəzetmə edən Vernidub bunu bacarmadı. Mətbuat konfransında isə futbolçuların fiziki durumunun aşağı olmasından şikayətlənib. Sanki qarşısındakı komanda "Sumqayıt” yox, "Barselona” imiş, sürətli ötürmələrlə onun futbolçularının başını gicəlləndiriblər.
"Neftçi”nin fiziki durumunu düzəltmək üçün Vernidubla birlikdə Azərbaycana gələn məşqçi İqor Fokinin 60 yaşı var. Adam "Neftçi”nin bürünc medalından belə bir yaş böyükdür. Futbolçuların "fizikasını” o düzəldəcək?! Bu yerdə "Neftçi”nin iki ənənəsi yada düşür. Onlardan da birincisi "Neftçi”yə gələn əcnəbi məşqçilərin tələm-tələsik klubun tarixindən, böyüklüyündən danışması, tərif yağdırması olur. Vernidub artıq bunu "Sumqayıt”la oyundan sonra edib. Uğursuzluqlar bir müddət davam edəndə ikinci ənənə işə düşür. Yeni gələn məşqçi köhnənin mirasından imtina edib, "bu komandanı mən qurmamışam” deyir. Bir az səbr edək, görək Vernidub bu bəhanəyə nə vaxt müraciət edəcək?!
Amal Abuşov
Şərhlər