Xəbər lenti

Yer Venera ilə əlaqəni itirdi: Yaponiya bu planetdəki sonuncu zondun öldüyünü elan etdi
Dünya 14:10 05.11.2025

Yer Venera ilə əlaqəni itirdi: Yaponiya bu planetdəki sonuncu zondun öldüyünü elan etdi

Yer kürəsinin Venera ilə yeganə əlaqəsi nəhayət ki, sona çatıb. 

Qaynarinfo futurism.com saytına istinadən xəbər verir ki, bir il əvvəl Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) "Akatsuki" kosmik gəmisi ilə əlaqəni itirmişdi və indi onun Yerə qayıtma ehtimalının az olduğunu qəbul edərək, sıradan çıxdığını elan edib.

"Akatsuki" 15 il fəaliyyət göstərərək Venera haqqında böyük həcmdə məlumat ötürüb. 2010-cu ildə buraxılmış "Akatsuki" Veneradakı hava şəraitini öyrənmək üçün nəzərdə tutulmuşdu. Buna görə o, daha çox "Veneranın iqlim orbitəri" kimi tanınırdı. Bu, aparatın ikinci cəhdi idi: ilk buraxılış zamanı 300 milyon dollarlıq zond mühərrik nasazlığı səbəbindən idarəetməni itirmişdi. O, beş il ərzində Günəş ətrafında sürüklənib, nəhayət "JAXA" mütəxəssisləri onu xilas etməyin yolunu taparaq Veneranın orbitinə çıxarmışdılar.

Zond kub formalıdır və hər tərəfi təxminən 1,5 metr ölçüdədir. Zaman keçdikcə onun avadanlığı tədricən sıradan çıxıb. 2016-cı ildə iki infraqırmızı kamera fəaliyyətini dayandırıb.

Bununla belə, "Akatsuki" ilkin planlaşdırılmış 4,5 illik fəaliyyət müddətini xeyli üstələyib. 15 il ərzində o qədər çox elmi məlumat toplayıb ki, bu nəticələr əsasında 178 elmi məqalə dərc olunub və yeni tədqiqatlar hələ də davam edir.

"Bu, bizim - Yer sakinlərinin - Venera ilə ən yaxın əlaqəmiz idi və Yaponiyanın başqa bir planeti uğurla tədqiq etdiyi ilk layihə sayılır", deyə tədqiqat müəllifləri bildiriblər.

NASA-nın məlumatına görə, indiyə qədər Veneranın ətrafında uğurla orbitə çıxmış yeddi aparat olub: dördü keçmiş SSRİ-yə, ikisi ABŞ-a, biri isə Avropa Kosmik Agentliyinə (ESA) məxsusdur. ESA-nın "Venus Express” zondu 2006-cı ildə planetin orbitinə daxil olub, 2014-cü ildə onunla əlaqə kəsilib və missiya rəsmi olaraq bir ay sonra başa çatdırılıb.

NASA-nın "DAVINCI" missiyası 2030-cu ilə planlaşdırılıb və məqsədi Veneranın atmosferini öyrənmək və planetin səthinə enməkdir. Agentliyin digər layihəsi – "VERITAS" adlı aparat isə 2031-ci ildə buraxılacaq və "Akatsuki" kimi planetin səthini və daxili quruluşunu tədqiq edəcək.

Bundan əlavə, ESA 2030-cu illərdə "EnVision" adlı yeni orbiter buraxmağı planlaşdırır. Bu aparat Veneranın atmosferini, səthini və daxili qatlarını müşahidə etmək üçün nəzərdə tutulub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->