Avropada altı elektrik mühərriki ilə təchiz olunacaq yeni nəsil sərnişin təyyarə konsepti təqdim edilib. Layihənin şəhər və regional aviasiyada inqilab yarada biləcəyi bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "FlightGlobal” nəşri yazıb. Məlumata görə, Niderlandın startapı Elysian Aircraft elektriklə işləyən "E9X" təyyarəsinin yenilənmiş konseptini nümayiş etdirib.
Layihə ilkin mərhələdə səkkiz mühərrikli dizaynla təqdim olunsa da, son versiyada mühərriklərin sayı altıya endirilib.
"E9X" təyyarəsi təxminən 90–100 sərnişin daşımaq üçün nəzərdə tutulub və 750 kilometrdən çox məsafəni qət edə biləcək. Şirkət gələcəkdə akkumulyator texnologiyalarının inkişafı ilə bu məsafəni 1000 kilometrə qədər artırmağı planlaşdırır.
Layihənin əsas məqsədi demək olar ki, sıfır emissiya və daha aşağı istismar xərclərinə nail olmaqdır.
"E9X" electrik təyyarə modelinin əsas xüsusiyyətlərindən biri qanad boyunca yerləşdirilmiş bir neçə elektrik mühərriki ilə paylanmış itələmə sistemidir. Batareyalar isə vahid konstruksiyada inteqrasiya olunub. Bundan əlavə, sertifikatlaşdırma tələbləri üçün təcili turbin sistemi də nəzərdə tutulub.
Məlumata görə, layihə çərçivəsində artıq kiçik ölçülü sınaq modeli ilə uçuş testləri aparılıb və aerodinamika, sabitlik və elektrik güc sistemi təsdiqlənib. Bu isə layihəni nəzəri mərhələdən praktik mühəndislik mərhələsinə keçirib.
Təyyarənin bazara çıxışı 2030-cu illər üçün planlaşdırılır. Bu dövrün batareya texnologiyalarında ciddi irəliləyişlərlə üst-üstə düşəcəyi gözlənilir.
Xatırladaq ki, daha əvvəl Rusiyanın Kazan şəhərində "Tu-454" sərnişin təyyarəsinin maketi təqdim olunmuşdu. Bu model uzunmənzilli geniş gövdəli təyyarə kimi Boeing 787 Dreamliner və Airbus A350 ilə müqayisə edilir.
Günay
Şərhlər