Xəbər lenti

ABŞ-İran gərginliyi: Dənizdən blokada qlobal böhranı dərinləşdirir
Dünya 12:04 15.04.2026

ABŞ-İran gərginliyi: Dənizdən blokada qlobal böhranı dərinləşdirir

ABŞ ilə İran arasında artan gərginlik fonunda yeni və kritik bir addım gündəmə gəlib. Vaşinqtonun tətbiq etməyi planlaşdırdığı dəniz blokadası yalnız iki ölkə arasındakı münasibətləri deyil, eyni zamanda qlobal iqtisadi tarazlığı da ciddi şəkildə təsir altına ala bilər. 

Qaynarinfo Hurriyet-ə istinadən xəbər verir ki, ekspertlərin fikrincə, proseslər gözləniləndən daha mürəkkəb inkişaf edir və İranın "dayanıqlılıq strategiyası” fərqli nəticələr doğura bilər. Bu böhranın kimin xeyrinə işləyəcəyi isə hələ də açıq sual olaraq qalır.

Trampın yeni strategiyası: Dənizdən blokada

ABŞ rəhbərliyi hesab edir ki, İranın neft ixracını və dəniz ticarətini hədəf alan bu addım Tehrana iqtisadi təzyiqi artıraraq onu danışıqlara məcbur edə bilər. Xüsusilə Hörmüz boğazında tətbiq ediləcək "ikili blokada”nın birbaşa müharibəyə getmədən çıxış yolu yaradacağı düşünülür. Lakin ekspertlər qeyd edir ki, mövcud reallıq bu strategiyanın nəticələrinin gözlənildiyi qədər aydın olmadığını göstərir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin 2022-ci il tarixli "Dəniz əməliyyatları hüququ” sənədində blokada düşmən dövlətə məxsus liman və sahillərə giriş-çıxışın qarşısını almağa yönəlmiş hərbi əməliyyat kimi izah olunur.

Hansı tərəf daha çox tab gətirə biləcək?

Mövcud vəziyyət klassik müharibədən çox "dayanıqlılıq savaşı” kimi qiymətləndirilir. Hər iki tərəf birbaşa toqquşmadan yayınaraq iqtisadi və strateji təzyiqlərlə rəqibini zəiflətməyə çalışır. Əsas sual isə budur: hansı tərəf daha uzun müddət tab gətirə biləcək?

İran Araşdırmaları Mərkəzinin (İRAM) tədqiqatçısı Rahim Fərzəm bildirir ki, İranın uzun illərdir tətbiq etdiyi "müqavimət iqtisadiyyatı” modeli müəyyən qədər effekt versə də, bu, daha az iqtisadi artım, yüksək inflyasiya və gəlir azalması fonunda baş verir:

"Sistem çökmür, lakin əhalinin rifahı ciddi şəkildə zəifləyir. Enerji ixracının məhdudlaşdırılması və sənaye infrastrukturunun zərər görməsi bu modelin əsas dayaqlarını sarsıdır.”

Rejim qalacaq, amma...

Ekspertin sözlərinə görə, bu strategiya qısa müddətdə rejimin ayaqda qalmasını təmin edə bilər, lakin uzunmüddətli perspektivdə sosial-iqtisadi problemlər daxili sabitliyi təhlükə altına qoya bilər. Xüsusilə orta təbəqənin zəifləməsi və gənclər arasında gözləntilərin azalması siyasi riskləri artırır.

Beynəlxalq tənqidlər

ABŞ-ın bu addımı beynəlxalq səviyyədə də birmənalı qarşılanmayıb. İspaniyanın müdafiə naziri Marqarita Robles bu strategiyanı "mənasız” adlandıraraq, vəziyyətin rasional çərçivədən çıxdığını bildirib. Bir çox ölkələr problemin diplomatik yollarla həllini daha məqsədəuyğun hesab edir.

İranın alternativ planları

Ekspertlərə görə, İran tam çıxılmaz vəziyyətdə deyil. Alternativ strategiyalar arasında:

Quru ticarət marşrutlarının genişləndirilməsi (İraq, Türkiyə, Pakistan və s. vasitəsilə) 
"Kölgə donanması” ilə neft ixracı 
Yerli valyutalarla ticarət 
Çin və Hindistanla dolayı enerji əməkdaşlığı 

yer alır. Lakin bu üsullar itirilmiş rəsmi gəlirləri tam əvəz edə bilmir, sadəcə iqtisadi təzyiqi qismən azaldır.

Qlobal təsirlər: Hamını vuran böhran

Analitiklər bildirir ki, ABŞ və İran müəyyən dərəcədə bu böhrana davam gətirə bilər, lakin digər ölkələr üçün nəticələr daha ağırdır. Körfəz ölkələrində turizm zəifləyir, investisiyalar azalır, Asiyada istehsal aşağı düşür, Afrikada yanacaq qıtlığı yaranır, Avropada isə hava nəqliyyatında problemlər gözlənilir.

Yeni toqquşma riski

Rahim Fərzəmin fikrincə, tərəflər arasında danışıqların uğursuz olması yeni və daha genişmiqyaslı qarşıdurmaya səbəb ola bilər. Artıq tərəflər bir-birinə qarşı birbaşa zərbələrin nəticələrini test edib və bu da gələcək eskalasiyanı daha sürətli və sərt edə bilər.

ABŞ-ın hərbi gücü və risklər 

Analitiklər ABŞ-ın hərbi baxımdan blokadaya davam gətirə biləcəyini desə də, risklərin yüksək olduğunu vurğulayır. İranın raket və pilotsuz uçuş aparatları ABŞ donanması üçün ciddi təhlükə yaradır. Eyni zamanda, regionda ikinci cəbhənin açılması ehtimalı vəziyyəti daha da çətinləşdirə bilər.

Çin amili 

Böhranın ən mühüm aspektlərindən biri də Çinin mövqeyidir. Pekin blokadaya tənqidi yanaşsa da, birbaşa qarşıdurmadan yayınır. Çin İran üçün mühüm iqtisadi tərəfdaş olsa da, açıq siyasi və hərbi dəstək verməkdən çəkinir. Bu isə Tehran üçün həm imkan, həm də məhdudiyyət yaradır.

Nəticə etibarilə, ABŞ və İran arasındakı bu qarşıdurma klassik müharibədən daha çox mürəkkəb geosiyasi və iqtisadi oyun kimi qiymətləndirilir. Hazırkı mərhələdə isə aydın olan tək məqam var: bu böhranda qalibdən çox, uduzanların sayı artır.

Günay

--> -->