Son günlər vatsap istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdlərində artım müşahidə olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Bildirilib ki, kiberdələduzlar bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli linklər vasitəsilə istifadəçiləri aldadaraq, SMS-lə gələn təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kod paylaşdığı halda, onun vatsap hesabı ələ keçirilir. Daha sonra kiberdələduzlar həmin hesabdan istifadə edərək, şəxsin yaxınlarına saxta mesajlar göndərir, onların maliyyə və şəxsi məlumatlarını ələ keçirməyə cəhd göstərirlər.
ETX vətəndaşlara vatsap hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
* Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
* Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.
Şərhlər