Avstraliyada 2026-cı ildən etibarən enerji qənaətinə yönəlmiş yeni dövlət proqramı – "Solar Sharer" layihəsi fəaliyyətə başlayacaq. Layihəyə əsasən, ölkə sakinləri hər gün ən azı üç saat müddətində pulsuz günəş enerjisi əldə edəcəklər. Bu imkan yalnız günəş panellərinə sahib evlərə deyil, həm də belə avadanlıqları olmayan ev təsərrüfatlarına da şamil ediləcək.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Proqram ilk mərhələdə Yeni Cənubi Uels, Cənubi Avstraliya və Kvinslend ştatının bir hissəsində tətbiq olunacaq. Bu bölgələr ölkənin ən sıx məskunlaşmış cənub-şərq hissəsini əhatə edir. İstehlakçılar günəş enerjisinin istehsalının ən yüksək səviyyədə olduğu günorta saatlarında elektrikdən pulsuz istifadə edə biləcəklər.
Bu təşəbbüsün məqsədi günəş enerjisinin pik istehsalı zamanı yaranan artıq gücü sutkanın qalan hissəsində istehlakın azaldılmasına yönəltmək və nəticədə bütün avstraliyalılar üçün elektrik enerjisinin ümumi qiymətini aşağı salmaqdır.
Hazırda Avstraliyada təxminən dörd milyon evin damında günəş panelləri quraşdırılıb. Günəşli günlərin pik saatlarında bu sistemlər o qədər enerji istehsal edir ki, bəzən elektrik qiymətləri mənfi dəyərlərə düşür. Lakin əsas enerji tələbi bir neçə saat sonra, axşam vaxtlarında yaranır və bu da elektrik şəbəkəsinə əlavə yük salır.
"Solar Sharer" proqramı vasitəsilə hökumət vətəndaşları elektrik enerjisindən daha çox günün ortasında – yəni istehsalın yüksək olduğu dövrlərdə istifadə etməyə təşviq etməyi planlaşdırır. Bu, məişət texnikasının, elektrik avtomobillərinin və digər qurğuların həmin saatlarda işlədilməsini stimullaşdıracaq.
Rəsmi açıqlamadan sonra Avstraliyanın iki ən iri enerji şirkətinin – "AGL" və "Origin Energy" – səhmləri günün sonuna 3 faiz ucuzlaşıb.
Aydın
Şərhlər