Ötən həftə İsmayıllı stansiyasından 21 kilometr şimalda, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Xatırladaq ki, ard-arda bir gündə 2 dəfə zəlzələ faktı müşahidə olunub.
Modern.az daha ciddi təkanların baş verib-verməyəcəyinə dair proqnoz əldə etmək üçün Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayevlə əlaqə saxlayıb.
O saytımıza açıqlamasında bildirib ki, İsmayıllı rayonunda baş vermiş zəlzələdən sonra bölgədə bir neçə təkan da müşahidə edilib:
"İsmayıllı və Şamaxı əraziləri Azərbaycanın seysmik cəhətdən ən aktiv zonalarından biri hesab olunur. Bu geniş sahə təkcə seysmik deyil, həm də tektonik aktiv zona kimi səciyyələnir.
Tarixə nəzər salsaq, Şamaxı-İsmayıllı bölgəsində 1667-ci ildə baş vermiş məşhur Şamaxı zəlzələsi və 1902-ci ildəki dağıdıcı təkanlar həmin ərazinin seysmik tarixində mühüm yer tutur. Sonrakı illərdə Basqal və ətraf kəndlərdə də oxşar zəlzələlər qeydə alınıb. Müasir dövrdə, xüsusilə 2019-cu ildə bu bölgədə müəyyən dərəcədə dağıdıcı təkanlar müşahidə olunmuşdu”.
Seysmoloqun sözlərinə görə, hadisə zamanı Ağsu, Şamaxı və İsmayıllı şəhərlərində də zəlzələnin təsiri hiss edilib:
"Bu ərazi ümumilikdə Azərbaycanın ən aktiv seysmik zonalarından biri sayılır. Mən hər zaman müsahibələrimdə qeyd etmişəm ki, Qazax, Şəki, Oğuz və Qəbələ zonaları da seysmik baxımdan aktiv bölgələr sırasındadır.
"Ciddi təkanlar gözlənilirmi?” sualına gəlincə, bu mərhələdə güclü və dağıdıcı zəlzələ ehtimalı istisnadır. Lakin bölgədə baş verən proseslərə diqqətlə yanaşmaq vacibdir. Diqqətçəkən məqamlardan biri odur ki, son zəlzələ səthə yaxın baş verib və 3 maqnitudadan bir qədər güclü olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına əsasən, bu, səthə yaxın təkan kimi qeydə alınıb”,-deyə o əlavə edib.
O, həmçinin qeyd edib ki, bu, o demək deyil ki, bölgə artıq sakitləşib:
"Azərbaycanın bütün seysmik regionlarında müəyyən aktivlik müşahidə olunur. Sadəcə, digər ərazilərlə müqayisədə bu zonada yer dəyişmə proseslərinin sürəti o qədər intensiv deyil, amma aktivlik davam edir və gələcəkdə də davam edəcək”.
Q.Babayev, eyni zamanda vurğulayıb ki, Şamaxı-İsmayıllı ərazisi müəyyən qədər aktivləşib:
"Zəlzələləri dəqiq proqnozlaşdırmaq mümkün olmasa da, demək olar ki, bu zona son hadisələrlə bir qədər seysmik baxımdan aktivləşdi. Ehtimal etmək olar ki, Şamaxı, Basqal və ətraf kəndlərdə də yeni, hiss olunan təkanlar qeydə alına bilər”,- deyə Q.Babayev bildirib.
Şərhlər