Ukrayna ABŞ dollarından imtina edib, milli valyutasını avroya daha sıx bağlamağı nəzərdən keçirir. Buna səbəb kimi qlobal ticarətin parçalanması və Avropa ölkələri ilə artan əlaqələr göstərilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Milli Bankının sədri Andrey Pışnı "Reuters” agentliyinə
müsahibəsində bildirib.
Onun sözlərinə görə, Ukraynanın mümkün Aİ üzvlüyü, "Avropa İttifaqının ölkənin müdafiə qabiliyyətini təmin etməkdə artan rolu, qlobal bazarlardakı dalğalanmalar və dünya ticarətinin parçalanması ehtimalı” Milli Bankın belə bir qərarı nəzərdən keçirməsinə əsas yaradır: "Ukrayna qrivnasının əsas istinad valyutası dollar yox, avro olmalıdırmı?”
"Bu, mürəkkəb prosesdir və keyfiyyətli, hərtərəfli hazırlıq tələb edir”, – deyə Pışnı vurğulayıb.
O əlavə edib ki, ABŞ dolları hələ də valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil edir. Lakin son vaxtlar avro ilə aparılan əməliyyatların payı da artmağa başlayıb – hələlik bu artım "mülayim” səviyyədə olsa da.
"Reuters” qeyd edir ki, dollar hələ də beynəlxalq ticarətdə əsas rol oynayır və dünyadakı valyuta ehtiyatlarının böyük hissəsi dollarla saxlanılır. Səudiyyə Ərəbistanı və Honq Konq kimi aparıcı iqtisadiyyatlar öz milli valyutalarını dollara bağlayıblar.
Bununla belə, Donald Trampın prezidentliyi dövründə ABŞ tarixdəki ən yüksək gömrük rüsumlarından bəzilərini tətbiq edərək ticarət müharibəsinə başlamışdı. Bu addım dolların gələcəkdə qlobal ehtiyat valyutası statusunu qoruyub saxlaya biləcəyini sual altına salmışdı.
Nəşr qeyd edir ki, Trampın Ağ Evə qayıdışından sonra investorlar ABŞ aktivlərinə marağını azaldıb və nəticədə dolların məzənnəsi əsas valyutalar qarşısında 9%-dən çox ucuzlaşıb.
Alpər
Şərhlər