Xəbər lenti

Hollivud süquta uğrayır: ABŞ kinosunun mərkəzi üstünlüyü niyə itirir?
Dünya 16:14 08.05.2025

Hollivud süquta uğrayır: ABŞ kinosunun mərkəzi üstünlüyü niyə itirir?

Merilin Monro, Marlona Brando və Elizabet Teylorun parladığı möhtəşəm Hollivud dövrləri geridə qalır. Bir əsr boyunca ABŞ kinosunun mərkəzi hesab edilən Hollivud artıq film istehsalçılarının üstünlük verdiyi məkan olmaq statusunu itirib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın Los-Anceles şəhərində yerləşən Hollivud məhəlləsi uzun illər ərzində burada aparılan çəkilişlərlə Amerika kino sənayesinin simvoluna çevrilmişdi. Lakin son illərdə film istehsalçıları Hollivudu tərk edir. 

Çəkilişlərin azalması nəticəsində Los-Anceles 2024-cü ildə öz tarixinin ən zəif dövrünü yaşayıb. Hazırda televiziya şouları və tammetrajlı filmlərin yalnız 1/5-i Kaliforniya ştatında, o cümlədən Los-Ancelesdə istehsal olunur. Bu geriləmənin əsas səbəbi Hollivudun həm yerli (Atlanta, Nyu-York), həm də beynəlxalq (Avstraliya, İngiltərə, Kanada) rəqiblər qarşısında ciddi rəqabətə məruz qalmasıdır.

Rəqiblər üstünlük qazanır

Bundan əlavə, digər ölkə və şəhərlər film və serial çəkilişləri üçün daha cəlbedici maliyyə təşviqləri təqdim edir. Qeyri-kommersiya təşkilatı olan "FilmLA"nın məlumatına görə, 2024-cü ilin ilk rübündə, ötən ilin eyni dövrü ilə müqayisədə Hollivudda bütün kateqoriyalar üzrə istehsal həcmi azalıb. Bu müddətdə çəkiliş günlərinin sayı 22% azalıb və cəmi 13 televiziya pilot layihəsi reallaşdırılıb. 

Bu rəqəm "FilmLA"nın tarixində qeydə aldığı ən aşağı göstəricidir. Yaranmış böhran, elektrikçilər, dülgərlər, dekoratorlar, səs mühəndisləri, kostyum dizaynerləri və vizajçılar da daxil olmaqla, Hollivudun texniki heyətini də təhlükə altına qoyur. Bu ixtisas sahiblərinin bölgəni tərk etməsi, Hollivudun tədricən tarixə qarışacağı fikrini gücləndirir.

"Vergi güzəştləri artırılmalıdır"

Mütəxəssislərin fikrincə, Hollivudu qorumaq üçün film və televiziya istehsalı ilə bağlı vergi güzəştləri genişləndirilməlidir. Kaliforniya ştatının qubernatoru Qevin Nyusom bu məqsədlə ştatın film və televiziya vergi kreditləri proqramına ayrılan illik məbləğin 330 milyon dollardan 750 milyon dollara qaldırılmasını təklif edib. Hazırda bu təşəbbüslə bağlı ştat parlamentində iki qanun layihəsi üzərində iş aparılır. 

"Qladiator 2" və "Napoleon" kimi filmlərin ssenari müəllifi Devid Skarpa isə bildirib: "Maliyyə problemləri ilə boğuşan Los-Anceles, film sənayesindəki üstünlüklər baxımından Şərqi Avropa ilə rəqabət apara biləcəkmi? Prodüserlər daim daha münasib qiymət axtarışındadır. Əgər Los-Anceles kino sənayesinin mərkəzi kimi qalmaq istəyirsə, film istehsalçılarını cəlb edəcək vergi güzəştləri təqdim etməlidir".

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->