AB ölkələrinin hökumətləri ABŞ-la bağlı vacib qərarların, o cümlədən müdafiəyə dair iri investisiya planlarının NATO sammitinə qədər təxirə salınmasını istəyir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” qəzeti avropalı diplomatlara və rəsmi şəxslərə istinadən məlumat
yayıb.
Diplomatların sözlərinə görə, NATO rəsmilərinə də alyansın növbəti sammitini minimum səviyyədə keçirmək tövsiyə olunub. Məqsəd, prezident Donald Trampın mümkün gözlənilməz davranışları səbəbindən qalmaqalların qarşısını almaqdır.
"24-25 iyun tarixlərində Haaqada baş tutacaq görüş ərəfəsində əsas Avropa liderləri ilə NATO-nun yeni baş katibi Mark Rütte arasında Trampı sakitləşdirmək üçün intensiv danışıqlar aparılır. Həmçinin Avropa Komissiyasına da Ağ Evə qarşı ritorikanı yumşaltmaq tövsiyə olunub", – məqalədə bildirilir.
Rəsmi şəxslər qeyd edir ki, Trampın tətbiq etdiyi gömrük rüsumlarına cavab olaraq ticarət tədbirlərinin müzakirəsindən, müdafiə satınalmaları üzrə qərarların açıqlanmasından, ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin və Qrenlandiyanın ilhaqı ilə bağlı ritorikasının tənqidindən çəkinmək tövsiyə olunub.
Avropa İttifaqının yüksək rütbəli rəsmilərindən biri FT-yə deyib:
"Haaqadan öncə hamı gərgindir. Ümumi yanaşma belədir: Trampı sammitə gətir, istədiyini eşitdir və onu oradan fəlakətsiz çıxart”.
NATO-dan yüksək rütbəli başqa bir rəsmiyə görə, ABŞ-dan Avropaya məsuliyyətin planlı şəkildə ötürülməsi əsas prioritet olmalıdır:
"Bu, yeganə və əsas məqsəddir... hər şeydən vacibdir”.
Digər tərəfdən, amerikalı rəsmilər NATO müttəfiqlərinə bildirib ki, Tramp sammitdə iştirak etməyi planlaşdırsa da, əgər digər 31 üzv ölkə müdafiə xərclərini artırmağa və Avropanın müdafiəsində daha çox öhdəlik götürməyə razılaşmasa, iştirakını ləğv edə bilər.
Bir Avropa diplomatı bildirib:
"Pul, pul, pul, pul, pul. Tramp başqa heç nədən danışmaq istəmir, qalan məsələlər gözləyə bilər”.
Bütün bu hallar o deməkdir ki, əvvəlki sammitlərdə əsas yer tutan məsələlər – Ukraynanın NATO üzvlüyünə müraciəti, Asiya ölkələri ilə tərəfdaşlıq münasibətləri, iqlim dəyişikliyi kimi mövzular bu dəfə arxa plana keçə bilər.
Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib:
"Avropa ABŞ-ın özünü geri çəkməsinə hazır olmalıdır. Bu, mümkündür və bunun yolu var... amma biz amerikalıların dediklərini eşitməzlikdən gələ bilmərik”.
Eyni zamanda, ABŞ prezidenti Donald Tramp ticarət müharibəsində ilk razılaşmanı elan edib. Mediaya görə, bu razılaşma Böyük Britaniya ilə bağlanacaq. Jurnalistlər hesab edir ki, bu, Trampın digər ölkələrlə də oxşar razılaşmalara yaxın olduğunun siqnalıdır.
Tramp, həmçinin Ukrayna müharibəsinin həlli ilə bağlı yeni bəyanatla çıxış edib. Onun fikrincə, tərəflər "artıq qərar verməli olduğu məqama yaxınlaşırlar”.
Alpər
Şərhlər