Avropa İttifaqı Rusiyanı Ukraynada kimyəvi silahdan istifadə etdiyinə görə rəsmi şəkildə ittiham etməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, "Azadlıq Radiosu”nun araşdırma layihəsi olan "Sistema”nın əldə etdiyi
sənədə əsasən, Aİ Şurası tərəfindən hazırlanmış yeni sanksiya qaydalarında ilk dəfə Rusiya CS gözyaşardıcı qazından hərbi əməliyyat vasitəsi kimi istifadə etməkdə günahlandırılır.
Sənədin izahat hissəsində göstərilir ki, bu nəticələr Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (OPCW) 2024-cü ilin noyabrında və 2025-ci ilin fevralında Ukraynanın sorğusu əsasında dərc etdiyi hesabatlara əsaslanır. Hesabatlarda Dnepropetrovsk vilayətində yerləşən Maryevka və İlinka yaşayış məntəqələri yaxınlığında CS qazının tətbiqi halları təhlil olunub.
Aparılan araşdırmalar nəticəsində qazın istifadəsinə dair ciddi sübutlar toplanıb: hücumlar sonrası torpaq və su nümunələrində CS qazının izlərinə rast gəlinib, ukraynalı hərbçilərin şahid ifadələri alınıb, eləcə də "РГ-Во” (əl qumbarası – zəhərləyici maddə) adlı Rusiya istehsalı qumbaraların gövdələrinin fotoları çəkilib. Hətta 2024-cü ildə Rusiya təbliğat kanalı RT bu tip qumbaraların döyüşlərdə rus hərbçiləri tərəfindən istifadə olunduğunu nümayiş etdirən süjet yaymışdı.
Ukrayna Müdafiə Nazirliyinin bildirdiyinə görə, CS maddəsi təkcə qumbara içərisində deyil, həm də Rusiya ordusunun geniş istifadə etdiyi "Şahid” tipli dronların daxilində də aşkarlanıb.
Aİ Şurası bu sənəddə qeyd edir: "Vəziyyətin ciddiliyi, Rusiyanın bu faktlara dair inandırıcı izahat verməməsi və kimyəvi silahdan istifadənin qlobal qadağasının möhkəmləndirilməsi məqsədilə Avropa İttifaqı OPCW-ni bu halların müharibə vasitəsi kimi istifadəsini təcili şəkildə araşdırmağa çağırır”.
Yeni sanksiya layihəsinə əsasən, qadağa siyahısına kimyəvi silahlarla birbaşa əlaqəli olan Rusiya Müdafiə Nazirliyinin qurumları – Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, habelə 27-ci və 33-cü elmi-tədqiqat mərkəzləri daxil ediləcək.
CS qazı (şərti adı "Bənövşə”) gözlərdə, dəridə və tənəffüs yollarında kəskin qıcıqlanma yaradır, oriyentasiya itkisinə və boğulma hissinə səbəb olur. Baxmayaraq ki, bu qaz dünyada bəzi ölkələrin hüquq-mühafizə orqanları tərəfindən kütləvi iğtişaşların yatırılmasında istifadə olunur və qeyri-öldürücü hesab edilir, onun hərbi şəraitdə tətbiqi Kimyəvi Silahların Qadağan Edilməsi Konvensiyasının, xüsusilə onun 1-ci maddəsinin birbaşa pozulması deməkdir.
Alpər
Şərhlər