"Trampın məhz bu addımından sonra Rusiyada müəyyən çaşqınlıq yaranıb".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov ABŞ prezidenti Donald Trampın Rusiya sərhədlərinə yaxın ərazilərə iki atom sualtı qayığını göndərməklə Kremlin nüvə təhdidinə adekvat cavab verməsininin siyasi cəhətdən doğru olub-olmadığını şərh edərkən deyib.
Həmsöhbətimiz deyib ki, burada əsas məqsəd Rusiyanın nüvə şantajının qarşısını almaq və onu danışıqlar masasına oturmağa vadar etməkdir:
"Tramp hakimiyyətə gəldiyi ilk gündən Rusiya ilə Ukrayna arasındakı müharibəni diplomatik yolla həll etməyə çalışırdı. Amma bu istiqamətdə uzun müddət addımlar atılandan sonra məlum oldu ki, Tramp Rusiyanı danışıqlar masasına oturtmaq istəyinə nail ola bilmir. Belə vəziyyətdə Tramp Rusiyaya qarşı digər vasitələrə əl atmalı oldu. Bu vasitələrdən ən başlıcası Ukraynanı daha güclü şəkildə silahlandırmaqdır. Amma Ukraynanı silahlandırmaq məsələsinin asan olmadığı da ortaya çıxdı. Bu istiqamətdə də Qərb çətinlik çəkir. Belə olan halda Tramp Rusiyanın nüvə təhdidinin qarşısını almaq yolunu tutdu. Bu vaxta qədər Rusiya rəqiblərini nüvə silahı işlədə biləcəyi ilə hədələyirdi. Moskvanın bu təhdidinin qarşısını almaq üçün də Tramp ABŞ-ın iki atom sualtı qayığını Rusiya sərhədinə göndərdi".
Ekspertin fikrincə, Ağ Evin bu addımından sonra Rusiya nüvə silahı ilə bağlı daha əvvəlki bəyanatlarla çıxış etmir:
"Bütün bunlar ABŞ-ın heç də Rusiya ilə müharibəyə başlamağa hazırlaşdığı kimi qiymətləndirilməməlidir. Sadəcə, Tramp bununla atəşkəsə gəlmək üçün Rusiyaya real vəziyyəti göstərmək və onun qaçacaq yerinin olmadığını başa salmaq istəyib. Təbii ki, Trampın bu siyasəti əvvəlki Prezident Co Baydenin siyasətindən fərqlənir. Bayden Rusiyanın nüvə təhdidləri fonunda belə heç zaman ABŞ-ın nüvə arsenalı məsələsini ortaya qoymamışdı. İstənilən halda Trampın bu addımı Rusiyanı danışıqlar masasına gətirmək üçün yeni təşəbbüslərdən xəbər verir. Bu təşəbbüsün hansı nəticə verəcəyini isə yaxın zaman göstərəcək".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bu günlərdə iki nüvə sualtı qayığının Rusiya sərhədi boyunca yerləşməsinə dair göstəriş verib. Artıq bu göstəriş yerinə yetirilib. Məlumatlara görə, həmin iki nüvə sualtı qayığı təyin olunmuş bölgədədir.
Xatırladaq ki, Ukrayna müharibəsi başlayandan üzü bəri Rusiya dəfələrlə Qərbi nüvə silahı ilə təhdid edib. Lakin ABŞ-ın əvvəlki Prezidenti Co Bayden Rusiyaya qarşı daha barışmaq olsa da, bu tip addımlar atmadı. Tramp isə sülh səylərinin nəticə verməməsi fonunda Baydendən fərqli olaraq, Rusiyaya adekvat cavab vermək qərarına gəlib.
Rüfət Sultan
Şərhlər