Xəbər lenti

Tramp  Ukraynaya sülh gətirən lider olacaqmı? (ŞƏRH)
Siyasət 14:29 11.08.2025

Tramp Ukraynaya sülh gətirən lider olacaqmı? (ŞƏRH)

Rusiyanın "Rossiya 1" telekanalının "Həftənin xəbərləri" proqramında yayımlanan verilişdə yaxınlaşan Alyaska sammiti olduqca pozitiv qiymətləndirilib. Proqramda görüş "Sülh şansları" başlığı altında təqdim olunub. "Avropanın danışıqlarda yeri yoxdur. Bu, Rusiya və ABŞ arasında bir görüşdür və başqa səslər orada eşidilməyəcək", deyə proqramda həm Avropaya, həm də Ukrayna Prezidenti Volodimir Zelenskiyə işarə edilir.

Alyaska görüşü sülhə yol aça bilərmi?
 
Siyasi şərhçi Azər Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, gözlənilən Putin-Tramp görüşü təkcə iki liderin şəxsi münasibətləri və diplomatik jestləri ilə məhdudlaşmayacaq. Bu görüş, həm beynəlxalq güc balansının, həm də Avrasiya geosiyasi arxitekturasının gələcək onilliklər üçün necə formalaşacağına təsir göstərə biləcək strateji məna daşıyır:

"Hazırda dünya siyasi gündəminin mərkəzində Ukrayna müharibəsi dayanır və tərəflərin bu münaqişəyə dair atacağı addımlar təkcə Kiyev və Moskva arasındakı hərbi-siyasi vəziyyəti deyil, həm də Avropa təhlükəsizlik sisteminin bütövlükdə yeni şərtlərlə yenidən qurulmasını müəyyən edə bilər. Tramp Azərbaycan-Ermənistan arasında sülh sazişinə aparan mərhələdəki çıxışında Ukrayna məsələsinə də toxundu və öz mövqeyini gizlətmədi. Onun ritorikasından görünür ki, Ukraynanın sülh müqabilində bəzi ərazilərindən imtina etməsi onun üçün real və qaçılmaz bir ssenaridir. Bu, bir çox Qərb paytaxtlarında hələ açıq şəkildə dilləndirilməsə də, strateji müzakirələrdə səslənən bir yanaşmadır. Mən dəfələrlə müsahibələrimdə vurğulamışam ki, bu cür yanaşma, Qərbin Ukraynaya münasibətində köklü dəyişikliklərin başlanğıcı ola bilər. Tramp üçün bu, özünü "sülh gətirən lider" kimi təqdim etmək, daxili siyasətdə də "dünyada gərginliyi azaldan prezident" obrazını gücləndirmək üçün əvəzsiz tarixi imkandır".
 


Şərhçi hesab edir ki, Moskva isə məsələyə fərqli baxır. Kreml, özünü birmənalı şəkildə qlobal imperiya kimi təqdim etməsə də, Avrasiya məkanına nəzarəti həm tarixi miras, həm də milli təhlükəsizlik üçün həyati əhəmiyyətli bir məsələ kimi qəbul edir:

"Rusiya siyasi elitasının baxışında NATO-nun və ABŞ-ın bu coğrafiyada təsirini genişləndirməsi yalnız geosiyasi təhdid deyil, həm də dövlətin mövcudluğuna yönəlmiş strateji təhlükədir. Moskva üçün bu təsir dairəsini itirmək sadəcə diplomatik məğlubiyyət deyil, tarixi nüfuzun sarsılması deməkdir. Trampın bəzi açıqlamalarında Putinə qarşı müəyyən simpatiya hiss olunur. Bu, onun siyasi hesablamalarında mühüm yer tutur. O, tarixdə adını "ABŞ-ın Rusiya ilə münasibətlərini normallaşdıran prezident"i kimi yazdırmaq istəyir".

Bu baxımdan, həmsöhbətimizə görə, görüşün əsas müzakirə mövzusu Ukrayna ilə Rusiya arasında sülh sazişinin mümkün parametrləri olacaq:

"Əgər belə bir razılaşma gündəmə gələrsə, ehtimal olunan variantlardan biri Rusiya nəzarətindəki ərazilərin Moskvanın əlində qalmasıdır. Ukrayna üçün bu, strateji və emosional baxımdan ağır güzəşt olar. Lakin ABŞ üçün müharibəni dayandırmaq, Avropada enerji və təhlükəsizlik böhranının qarşısını almaq, eyni zamanda Çinlə geosiyasi rəqabətə daha çox fokuslanmaq baxımından məqsədəuyğundur. Bu halda postsovet məkanında sərhədlərin yeni statusunun qeyri-rəsmi tanınması və Avrasiya geosiyasətində yeni bir mərhələ başlaya bilər".

Təhlilçi hesab edir ki, Azərbaycanla Ermənistan arasında ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə imzalanan deklarasiya hər nə qədər hüquqi baxımdan tam sülh sazişi olmasa da, prosesin siyasi baxımdan ən kritik mərhələsinə keçildiyini göstərir:

"Bu sənəd uzun illər davam edən münaqişənin diplomatik həllinə doğru atılmış əhəmiyyətli addımdır".

Azər Hüseynov bildirib ki, planlara görə, ABŞ-ın Zəngəzur dəhlizinin istifadəsini 99 illik müddətə icarəyə götürməsi nəzərdə tutulur:

"Əgər bu baş verərsə, bölgənin geosiyasi çəkisi kəskin şəkildə artacaq. Zəngəzur dəhlizi yalnız Azərbaycan-Ermənistan münasibətlərinin tərkib hissəsi olmaqdan çıxaraq, qlobal güclərin maraqlarının toqquşduğu strateji məkan halına gələcək. Bu vəziyyət bölgədə ABŞ və İran kimi ideoloji baxımdan düşmən olan iki gücün birbaşa qarşı-qarşıya gəlməsi riskini yaradır. Tarixdə oxşar qarşıdurma məkanlarını İraq və Suriyada görmüşük. İndi isə oxşar dinamikalar Cənubi Qafqazın, xüsusilə də Zəngəzurun geosiyasi gündəliyinə daxil ola bilər. İran bu məsələyə ehtiyatla, lakin sərt ritorika ilə yanaşır. Tehran üçün bu dəhliz, şimal sərhədlərində ABŞ təsirinin möhkəmlənməsi deməkdir və bu, milli təhlükəsizlik baxımından qəbulolunmaz sayılır. Türkiyə isə mövqeyində daha balanslı görünür. Ankara, bölgədə ABŞ-ın ən yaxın NATO müttəfiqi olsa da, prosesləri diqqətlə izləyir və ehtiyatlı davranır. Türk siyasi spektrində bəzi dairələr bu dəhlizə ABŞ nəzarətini, Turan coğrafiyasında tranzit yolları və Azərbaycan-Türkiyə əlaqələrini nəzarət altına almaq cəhdi kimi qiymətləndirir. Buna görə də rəsmi Ankara hələlik açıq dəstək bəyanatlarından çəkinir və diplomatik manevr imkanlarını qoruyur. Rusiya da məsələni diqqətlə izləyir. Ukrayna məsələsində ABŞ-la müəyyən razılaşmalar əldə etmək ehtimalı fonunda, Kreml Cənubi Qafqazda ritorikasını yumşaq və balanslı saxlayır. Moskva üçün bölgədə ABŞ təsirinin artması arzuolunmaz olsa da, böyük geosiyasi sövdələşmələr zamanı bu mövzu taktiki müzakirə predmeti ola bilər. İran daxilində isə yekdil mövqe yoxdur. Ali dini rəhbərliyə yaxın dairələr ABŞ-ın bölgədəki mövcudluğunu qətiyyətlə rədd edir. Lakin praqmatik siyasətçilər bəzən taktiki güzəştlərlə prosesə çevik reaksiya verə bilirlər. Bu da Tehranda qərarvermə mexanizminin monolit olmadığını göstərir".
 
Azər Hüseynova görə, hər şey Ermənistan Konstitusiyasındakı bəzi maddələrin dəyişdirilib-dəyişdirilməməsindən də asılı olacaq:

"Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını təsbit edən müddəalar aradan qaldırılmadan davamlı sülhün hüquqi əsası zəif qalacaq. Zəngəzur dəhlizinin taleyi ABŞ–Rusiya münasibətlərinin inkişaf trayektoriyası ilə sıx bağlıdır. Əgər Ukrayna məsələsində razılaşma əldə olunarsa, bu dəhlizin idarəetmə modeli, təhlükəsizlik mexanizmləri və iqtisadi istifadəsi barədə konkretlik yaranacaq. Əks halda, Zəngəzur yeni gərginlik ocağına çevrilə bilər. Beləliklə, Zəngəzur dəhlizi yaxın illərdə təkcə regional yox, qlobal güc balansının da formalaşmasında əsas faktorlardan biri olacaq. Burada söhbət yalnız nəqliyyat marşrutundan deyil, həm də Avrasiyanın siyasi xəritəsinin yenidən çəkilməsindən gedir".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında keçiriləcək Alyaska görüşü avqustun 15-də baş tutacaq. Türkiyənin "Milliyet” qəzeti yazır ki, Alyaskada keçiriləcək Rusiya-ABŞ sammitində Rusiya prezidenti Vladimir Putin görüşdə qalib kimi çıxış edəcək. Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin sammitə dəvət olunmadığı bildirilir.

Siyasət şöbəsi

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->