Tarixi Vaşinqton görüşündən (08.08.2025) və həmin gün imzalanmış birgə bəyannamədən üç gün əvvəl bacım zəng etdi. Ad günüm (08.08.1968) qeyd edilsə də, doğum günümü tarixinə, saatınacan dəqiq bilən nadir adamlardandır böyük bacım. Ki, vaxtilə səsimi eşidib fərəhlənmiş, muştuluğa qaçmışdı.
Mən dünyaya gələndə onun səkkiz yaşı var idi. İndi doğulduğum evin qarşısında dayanıb mənə zəng edirdi (Kəlbəcər rayonunun Zülfüqarlı kəndi). Lakin nə o ev qalmışdı, nə də pəncərəsi.
Evimizi qucaqlamış iki yamacdan birində yaman kəklikotu bitirdi: bu yamac güney tərəfdə olduğundan kəklikotu daşların dibində gizlənib dadlanır, ətirlənirdi. Bacım deyir, kəklikotu da yoxa çıxıb. Bircə kədər qalıb. Elə həmin gün, bacımın evimizin xarabalıqlarına baxarkən kənardan çəkilmiş bir fotosunu görəndə anladım ki, bizim bu dünyada qazandığımız bütün xatirələri güllələdilər, yandırıb kül etdilər. Əvəzində isə heç "uf" da demədilər. Dərin kədərə qərq oldum. Elə bir kədərə ki, nə dili var, nə ağzı, əvvəli var, sonu yox. Qoy Tanrı bacımı, məni və milyonlarla insanı bu kədərə qərq edən bütün səbəbkarları gec-tez sorğu-suala çəksin: ermənisini də, müsəlmanını da...
Birgə bəyannamənin 5-ci bəndində deyilir: "Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra, nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik".
Yadımdadır, evimizin üstünü dəmirləyən erməni Qurgeni ilk dəfə görəndə altı yaşım var idi. O, qısa nahar fasilələrində bizə rus sözləri öyrətməyə çalışırdı. Qurgen çıxıb getdi. Evimiz təzəcə rövnəqlənmişdi ki, biz də Zülfüqarlını tərk edib şəhərə köçdük. "Rusdilli mühit" məni ağuşuna aldı. Lakin onun rus sözlərini tez-tez xatırlayırdım, qəribə şivəsi yadımdan çıxmırdı. Sonradan bildim ki, Qurgen evlərin üstünə dəmir vura-vura Kəlbəcərin müxtəlif yerlərindəki uçuq-sökük kilsələrə erməni xaçı basdırırmış.
Bizim "Yelliyurd" yaylağı ilə üzbəzüdə isə Kilsəli adlı gözəl bir kənd var idi. Səhv etmirəmsə, doxsanıncı illərdə o kəndin adını dəyişdirib Günəşli qoydular. Hələ də bu adı dəyişməyə təşəbbüs göstərən "parlaq" zəkanı axtarıram...
Bir şeyi də tez-tez xatırlayırıq. Hələ o vaxt, yetmişinci illərdə ermənilər kilsəyə pul toplayırdılar. Hansı kilsəyə, bilmirəm, amma sonradan bilinən o oldu ki, bu vəsaitin böyük bir hissəsini erməni gənclərinin keçmiş SSRİ şəhərlərində, hətta xarici ölkələrdə təhsilinə yönəldirmişlər. Bizdə də nəzir yığılırdı, indi də yığılır. İnanıram, Tanrı bunu da sorğu-suala çəkəcək.
Mənim üçün mümkün "Tramp marşurutu"nun ən təsirli tərəfi Qafqazın tamamilə yeni, fərqli bir çətirlə qapanmasıdır. Daha doğrusu, rüsvayçı rus istismarının bitməsi, əvəzində isə tamamilə yeni bir eranın başlamasıdır. Bu era erməni kilsəsi üçün də yeni mərhələ deməkdir. Eybi yox, rus getsin, sonrasını özümüz çəkərik.
Təki 08.08 tarixi kədər gətirməsin...
Məqsəd Nur
Şərhlər