ABŞ prezidenti Donald Trampın administrasiyası Vaşinqtonda yerləşən "Amerikanın Səsi"nin binasını satışa çıxarır.
Qaynarinfo bu barədə "Bloomberg”ə istinadla xəbər
verir.
Nəşr bildirir ki, bu bina ABŞ-ın federal daşınmaz əmlakının həcmini azaltmaq məqsədilə həyata keçirilən "sürətləndirilmiş satış" siyahısına daxil edilmiş sonuncu "səs-küylü binalardan" biridir.
Söhbət Kapitoli və Milli xiyabanın yaxınlığında yerləşən tarixi Wilbur Cohen Federal Binasından gedir.
Bu binada yalnız "Amerikanın Səsi"nin qərargahı yox, həm də ona nəzarət edən ABŞ Qlobal Media Agentliyi (USAGM) və Səhiyyə və Sosial Xidmətlər Departamenti yerləşir.
Satış təşəbbüsü Trampın "Amerikanın Səsi", onun törəmə strukturları olan "Azadlıq Radiosu", "Azad Asiya Radiosu", Kuba üzrə Yayım İdarəsi və Açıq Texnologiyalar Fondu da daxil olmaqla, bütün şəbəkəni bağlamaq cəhdləri fonunda irəli sürülüb.
Məqalədə əlavə olunur ki, bu addım Trampın müşaviri, milyarder İlon Maskın federal strukturların azaldılması planının bir hissəsidir.
Bloomberg yazır ki, əgər bina satılarsa, bu, "Amerikanın Səsi"nin əməkdaşları və podratçılarını binasız qoya bilər – istər onlar Trampın tətbiq etdiyi maliyyə ixtisarlarını Konqresdə və ya məhkəmədə ləğv etdirməyə nail olsunlar, istərsə də yox.
Xatırlatma: Mart ayında "Amerikanın Səsi"nin Ukrayna xidmətinin rəhbəri Ruslan Petriçka yayım rəhbəri Maykl Abramoviçin mesajını yayıb. Abramoviç təsdiqləyib ki, "Amerikanın Səsi" yayımı dayandırıb.
Bundan əvvəl KİV yazmışdı ki, Amerika beynəlxalq yayım şirkəti olan "Amerikanın Səsi"nin çoxlu sayda əməkdaşı şənbə günü "idarəetmə məzuniyyətinə" göndərilib – bu isə yayımın faktiki dayandırılması deməkdir.
Sonradan yayım şirkətinin keçmiş əməkdaşı Ostap Yarış bu məlumatı təsdiqləyib.
Həmin gün Tramp administrasiyasının "Azadlıq Radiosu" şəbəkəsinin bütün maliyyəsini ləğv etdiyi də məlum olub.
"Azadlıq Radiosu" bu qərarı "Amerikanın düşmənlərinə hədiyyə" adlandırıb.
Alpər
Şərhlər