"Tesla" şirkətini quran və daha sonra onu İlon Maska satan ilk sahibi "Cybertruck" modelini yol kənarındakı bələdiyyə zibil qutularına bənzədərək, sərt fikirlər səsləndirib.
Qaynarinfo xəbər verir ki, Mask 2008-ci ildə böyük kapital hesabına "Tesla"nın səhmlərini alaraq şirkətin dördüncü baş direktoru olub. Onun şirkəti və təqdim etdiyi xidmətləri əhəmiyyətli dərəcədə dəyişdirdiyi qəbul olunsa da, "Tesla"nın əsil qurucuları Martin Eberhard və Mark Tarpeninq 2003-cü ildə bu markanı yaratmışdılar.
İllər ərzində Mask ilə ilk rəhbərlər arasında ciddi fikir ayrılıqları yaşanıb. Hətta Mask ilə Eberhard arasındakı gərginlik 2009-cu ildə məhkəməyə qədər gedib çıxıb. Yəni, "Tesla"nın qurucuları səhmlərini yüz milyonlarla dollar qarşılığında Maska satmış olsalar da, onunla birgə işləməkdən heç vaxt razı qalmayıblar.
Buna baxmayaraq, Mask şirkətdə tam nəzarəti ələ almış və istədiyi şəkildə idarə etməyə başlamışdı. Bunun nəticəsi olaraq isə tarixdə ilk elektrikli pikap – "Cybertruck" modeli satışa çıxarılıb. Gülləkeçirməz gövdəyə və çətin ofroud marşrutları üçün yararlı quruluşa malik bu avtomobil bir çox insan tərəfindən bəyənilsə də, şirkətin əsil qurucularının bu maşından nifrət etdiyi üzə çıxıb.
Eberhard verdiyi açıqlamada "Tesla"nın aşağı seqmentli avtomobil layihəsini ləğv etməsinə görə məyus olduğunu bildirib və "Dünyanın ehtiyacı olan bu zibil konteynerinə bənzəyən kamyon deyil" sözləri ilə İlon Maskı tənqid edib.
"Tesla" ilk illərində əlçatan qiymətə elektrikli avtomobillərlə bazara daxil olaraq bir vaxtlar "Ford"un "Model T" ilə etdiyi kimi üstünlük qazanmağı planlaşdırırdı. Ancaq daha sonra Mask lüks avtomobil istehsalına yönəlib və bu məqsəddən uzaqlaşıb. Şirkətin qurucuları isə bu dəyişiklik qərarının səhv olduğunu düşünürlər. Onların fikrincə, nə qədər çox insan "Tesla"ya sahib olsaydı, şirkət uzun illər ərzində texniki xidmət, ehtiyat hissələri və digər xidmət sahələrindən böyük gəlir əldə edə bilərdi və yeni nəsil alıcılar da ucuz modellərə üstünlük verərdi.
Lakin hazırda Mask əsasən 100 min dollar dəyərində olan lüks modellərlə maraqlandığı üçün, "Tesla"nın elektrikli avtomobil sahəsində lider olduğu vaxtda böyük fürsəti əldən verdiyi düşünülür. İndi isə bazarda "Tesla" ilə rəqabət aparacaq onlarla istehsalçı mövcuddur.
Aydın
Şərhlər