Küçədə naməlum kişi Meksika prezidenti Klaudiya Şeynbauma yaxınlaşaraq onu qucaqlayıb və öpməyə cəhd edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Associated Press" (AP) məlumat yayıb.
Hadisə dövlət başçısının küçədə vətəndaşlarla söhbət etdiyi vaxt baş verib. Prezidentə arxadan yaxınlaşan kişi onu qucaqlayıb və öpməyə çalışıb. Klaudiya Şeynbaum sakit reaksiya göstərərək həmin şəxsin əlini özündən uzaqlaşdırıb, ona tərəf dönüb və gülümsəyib.
Bu an yaxınlaşan mühafizə əməkdaşları həmin kişini saxlamağa cəhd ediblər. Videoya əsasən, kişinin sərxoş vəziyyətdə olduğu ehtimal edilir. Lakin prezident mühafizəçilərə narahat olmamağı tapşırıb.
Məlumata görə, Klaudiya Şeynbaum tez-tez Meksika sakinləri ilə görüşür, onlarla əl sıxır və izdiham arasında selfilər çəkdirir. Prezident Administrasiyası hələlik baş verənlə bağlı rəsmi şərh verməyib.
Hadisə anını əks etdirən video sosial şəbəkələrdə sürətlə yayılıb. İstifadəçilər videoya reaksiya verərək siyasətçilərin təhlükəsizliyinin zəif təşkil olunduğunu tənqid ediblər. Qeyd olunur ki, 4 noyabrda Klaudiya Şeynbaum 1 noyabrda Uruapan şəhərinin mərkəzi meydanında sui-qəsdə məruz qalan mer Karlos Alberto Mansonun həyat yoldaşı ilə görüşüb. Mer hadisə nəticəsində həlak olub.
Aydın
Şərhlər