Bosniya və Herseqovina Mərkəzi Seçki Komitəsi (MSK) Serb Respublikasının rəhbəri Milorad Dodikin mandatını ləğv edib və qurumda növbədənkənar seçkilərin keçirilməsinə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Dnevni Avaz" qəzeti məlumat yayıb.
Dodikin vəzifədən azad edilməsi barədə qərar MSK-nın bütün üzvləri tərəfindən yekdilliklə qəbul edilib və apellyasiya müddəti bitdikdən sonra qüvvəyə minəcək. Yaxın 90 gün ərzində qurumun rəhbəri üçün növbədənkənar seçkilərin keçiriləcəyi gözlənilir.
Fevralın 26-da Sarayevo məhkəməsi Dodiki "Bosniya və Herseqovina üzrə ali nümayəndə" Kristian Şmidtin qərarlarına tabe olmamaqda təqsirli bilib və qiyabi olaraq bir il həbs, 6 il dövlət və bələdiyyə qulluğuna qadağa qoyub. Siyasətçi Bosniya və Herseqovinada konstitusiya quruluşunu sarsıtmaqda ittiham olunur.
Hökmdən sonra Macarıstanın baş naziri Viktor Orban Dodikə qarşı məhkəmə prosesini "siyasi cadugər ovu" adlandırıb ki, bu da hüquq sisteminin demokratik yolla seçilmiş liderə qarşı silahlanmasına nümunədir.
Qeyd edək ki, Bosniya və Herseqovina iki qurumdan - Bosniya və Herseqovina Federasiyası (Xorvat-müsəlman) və Serb Respublikasından ibarətdir. Onların arasında beynəlxalq idarəçilikdə olan Brcko rayonu yerləşir. Hökumət sistemində üç əsas xalq təmsil olunur: boşnaklar (islam slavyanları), xorvatlar (katoliklər) və serblər (pravoslavlar). Hər bir qurumun öz konstitusiyası və icra orqanı var.
Aydın
Şərhlər