Çin Tibetdə nəhəng hidrotexniki layihəyə - dünyanın ən böyük bəndinə start verib.
Qaynarinfo "Reuters"ə istinadən xəbər verir ki, Benqal körfəzinə tökülən və Cənubi Asiyanın ən mühüm su arteriyalarından biri olan Brahmaputra çayı üzərində inşa olunacaq bu bənd Hindistanda genişmiqyaslı quraqlıqlara səbəb ola bilər.
Yeni Dehlinin hesablamalarına görə, bənd quraq mövsümlərdə çayın əsas axınını 85 faizədək azalda bilər. Baş nazir Narendra Modinin hökuməti su təhlükəsizliyini təmin etmək üçün öz "qarşı-bənd”ini - Upper Siang layihəsini həyata keçirməyi planlaşdırır. Lakin bu təşəbbüs Arunaçal-Pradeş əyalətində ciddi ictimai etirazla qarşılanır.
Çinin 170 milyard dollarlıq layihəsi iyul ayında işə salınıb. Pekin suyun istiqamətini dəyişməyəcəyini bəyan etsə də, Hindistan çayın nəzarət altına alınmasının siyasi alətə çevrilə biləcəyindən ehtiyatlanır. Daha da həssas məqam isə Çinin Arunaçal-Pradeş əyalətinə ərazi iddiasıdır.
Brahmaputra çayı Tibetdəki Angsi buzlağından başlayır və 100 milyondan çox insanın - Çində, Hindistanda və Banqladeşdə - su təminatında əsas rol oynayır. Hindistanın hesablamalarına görə, bənd Pekinə ildə 40 milyard kubmetrədək suyu yönləndirməyə imkan verəcək. Bu, çayın sərhəd bölgəsinə çatdırdığı illik həcmin üçdə birindən çoxdur.
Quraq mövsümlərdə bu təsir daha da ağır olacaq, çünki temperaturun artması ilə Hindistanın geniş ərazilərində torpaqlar məhsulsuz hala gəlir. Yeni Dehlinin planlaşdırdığı Upper Siang layihəsi 14 milyard kubmetrlik su anbarı ilə vəziyyəti qismən yüngülləşdirə bilər. Bu, həm də Çinin birdən-birə böyük həcmdə su buraxaraq dağıdıcı daşqın yaratmaq ehtimalını balanslaşdırmağa xidmət edəcək.
Su resursları üzərindəki gərginlik təkcə Çinlə Hindistan arasında deyil. Pakistan ötən may ayında baş verən toqquşmalar zamanı Yeni Dehlini suyu silah kimi istifadə etməkdə ittiham etmişdi. Bu il Hindistan İslamabadla 1960-cı ildə imzalanmış su bölgüsü sazişində iştirakını dayandırıb və qonşu ölkənin aşağı axarında yerləşən başqa bir çayın istiqamətini dəyişməyi nəzərdən keçirir.
Beynəlxalq tribunal Hindistanın müqaviləyə riayət etməli olduğunu qərara alıb, lakin Yeni Dehli komissiyanın yurisdiksiyasını tanımadığını bildirir.
Aydın
Şərhlər