Xəbər lenti

Meduzalar Fransadakı AES-in işini dayandırdı
Dünya 21:11 11.08.2025

Meduzalar Fransadakı AES-in işini dayandırdı

Fransanın şimalındakı Qravelines Atom Elektrik Stansiyasında (AES) soyutma sistemlərinə böyük miqdarda meduzaların daxil olması səbəbindən dörd reaktor fövqəladə şəkildə dayandırılıb. 

Qaynarinfo xəbər verir ki, hadisə 10–11 avqust gecəsi baş verib. 

Stansiya Dunkerk və Kale şəhərləri arasında yerləşir, altı enerji blokunun hər biri 900 meqavat elektrik istehsal edir və soyutma üçün Şimal dənizi ilə əlaqəli kanaldan su istifadə olunur. Hadisə zamanı iki reaktor planlı texniki baxışda olduğundan bütün stansiya tamamilə fəaliyyətini dayandırıb.

Mütəxəssislər baş verənləri iqlim dəyişikliyi və Şimal dənizində suyun isinməsi ilə əlaqələndirir. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının dəniz biologiyası üzrə məsləhətçisi Derek Raytın sözlərinə görə, isti mövsümlərin uzanması meduzaların çoxalma sürətini artırır və onların reproduktiv dövrünü genişləndirir. Gəmi daşımaları da meduzaların yayılmasına təsir göstərir - sürfələr balast sularında bir limandan digərinə daşına bilir.

2020-ci ildə Şimal dənizində ilk dəfə Asiya mənşəli "lunar” meduzası müşahidə olunub. Şimal-Qərbi Sakit okeana aid bu invaziv növ durğun, planktonla zəngin suları sevir və daha əvvəl Çin, Yaponiya və Hindistandakı limanlar və AES-lərdə oxşar problemlərə səbəb olub.

Rayt qeyd edib ki, nüvə enerjisi tez-tez "təmiz” mənbə kimi təqdim olunsa da, istilik çirklənməsi kimi arzuolunmaz nəticələr çox vaxt nəzərdən qaçırılır.

Aydın


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->