Xəbər lenti

Luis adasında aşağı tezlikli uğultunun sirri: Sakinlər mənbəni tapmağa çalışır
Dünya 10:10 04.05.2025

Luis adasında aşağı tezlikli uğultunun sirri: Sakinlər mənbəni tapmağa çalışır

Şotlandiyanın qərbində yerləşən Luis adasında son aylarda eşidilən və "50 Hz uğultusu" kimi tanınan aşağı tezlikli səs bölgə sakinlərinin gündəlik həyatını çətinləşdirib. 

Qaynarinfo xəbər verir ki, bu qeyri-adi uğultunun mənbəyi hələ də tapılmayıb və ada əhalisi arasında narahatlıq yaradıb.

Sakinlərin dediyinə görə, uğultu adanın müxtəlif yerlərində eşidilir və xüsusilə gecələr daha da güclənir. Bu səs insanların yuxu rejimini pozmaqla yanaşı, baş ağrısı, başgicəllənmə və qulaq çınlaması kimi fiziki narahatlıqlara da səbəb olur.

"Facebook"da fəaliyyət göstərən və "The Hebridean Hum: Low Frequency Noise Disorder Action and Support Group" (Hebrid uğultusu: aşağı tezlikli səs pozuntusuna qarşı dəstək qrupu) adlı səhifənin rəhbəri Loren-Qreys Kirtli "BBC Radio"nun "Good Morning Scotland" proqramında verdiyi açıqlamada uğultunu "nəbz kimi titrəyən, bəzən vıyıltı, bəzən iniltini xatırladan dərin və aşağı tezlikli bir səs" kimi təsvir edib. Onlar tərəfindən aparılan spektroqraf analizlərində təxminən 50 Hz tezliyində dəyişkən gücdə bir səs qeydə alınıb və bu səsin infrastruktur layihələri ilə əlaqəsi olmadığı bildirilib.

Qrup üzvü Pamela Viver Larson səsin insan qulağında yerləşən kokleadakı otoakustik emissiyalardan qaynaqlana biləcəyini irəli sürsə də, uğultunun yalnız Luis adasında eşidilməsi bu iddianı zəiflədir. Kirtli isə səsin insan mənşəli və süni olduğunu düşünür.

İnsanların gündəlik həyatına təsir edən bu səslə bağlı araşdırmalar davam edir. Adanın yerli idarəsi bəzi sakinlərin şikayətlərini topalaraq səhiyyə qurumları ilə araşdırma başlatdığını açıqlayıb. Kirtli isə uğultunun dənizlə bağlı bir qaynaqdan gəldiyini ehtimal edir və bunun bölgədəki dəniz canlılarına da təsir edə biləcəyini vurğulayır.

Luis adasında baş verənlər dünya üzrə illərlə davam edən və müxtəlif yerlərdən gələn uğultu xəbərləri ilə paralellik təşkil edir. Britaniya Kolumbiyası Universitetindən Qlen Makfersonun başladığı "Dünya uğultu xəritəsi və verilənlər bazası" layihəsində bu tip səslər "küçə boyunca işləyən mühərrik" və ya "uzaqdan gələn alçaq vızıltı" kimi təsnif edilir. Çoxsaylı şahidlər bu səslərin xüsusilə qapalı məkanlarda və gecə saatlarında daha aydın eşidildiyini bildirirlər.

Araşdırmalar davam edir və uğultunun dəqiq mənbəyi müəyyən edildikdə, həm ada əhalisinin rifahı, həm də yerli ekosistemin qorunması baxımından təcili tədbirlərin görülməsi tələb olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->