Londonda yerləşən Hitrou hava limanı yaxınlığında "Samsung"un ən son buraxdığı qatlanan smartfonların böyük partiyası oğurlanıb.
Qaynarifno xəbər verir ki, bu barədə "GizmoChina" nəşri "Ice Universe"ə istinadən məlumat yayıb.
Məlumata görə, soyğun ötən həftənin sonunda baş verib. Cinayətkarlar "Galaxy Z Fold 7" və "Z Flip 7" modellərindən ibarət təxminən 12 min ədəd cihaz daşıyan yük maşınını ələ keçiriblər. Oğurlanan partiyanın ümumi dəyəri 10,6 milyon ABŞ dolları civarında qiymətləndirilir. Bu hadisə son illərdə Böyük Britaniyada baş vermiş ən iri elektronika oğurluqlarından biri hesab olunur.
Bildirilir ki, cihazlar Britaniyaya çatdıqdan sonra anbara aparılırmış. Qatlanan smartfonlardan əlavə, yükdə ehtimal ki, "Galaxy S25" seriyası və "Galaxy Watch 8" ağıllı saatları da olub.
"GizmoChina" yazır ki, bu hadisə "Samsung"un Birləşmiş Krallıq üzrə təchizat zəncirinə təsir göstərə bilər və 9 iyulda baş tutan qlobal satış başlanğıcından sonra öncədən sifariş verən müştərilərə çatdırılmada gecikmələrə səbəb ola bilər.
Britaniya polisinin məlumatına görə, oğurlanmış smartfonların təxminən 75%-i hadisədən sonrakı 72 saat ərzində qeyri-qanuni şəkildə ölkədən çıxarılır ki, bu da onların tapılmasını ciddi şəkildə çətinləşdirir. Bu cür cihazlar tez-tez "boz bazarda" yenilənmiş IMEI nömrələri ilə satışa çıxarılır.
Aydın
Şərhlər