"Krımın ayrıca bir subyekt kimi hər hansı bir danışıqlara qoşulması Moskvanın hazırladığı növbəti tələlərdən biridir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiyanın işğalı altında olan Krımın Ukrayna üzrə danışıqlara cəlb edilməsi məsələsini gündəmə gətirməklə Kremlin nəyə nail olmaq istədiyini şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, bunun baş verməsi hələ də başlamayan danışıqlar prosesini yalnız mürəkkəbləşdirə və əsas xəttdən yayındıra bilər:
"Ona görə də Krımın ayrıca subyekt kimi danışıqlara qoşulmasında hər hansı bir çıxış yolu görmürəm. Ümumiyyətlə, Putindən gələn təkliflərin heç birində Ukraynanın ərazi bütövlüyünün bərpasına, yaxud da Kiyevin xeyrinə olan bir şey axtarmayın".
Qeyd edək ki, işğal altında olan Krımın Dövlət Şurasının rəhbəri Vladimir Konstantinov lazım gələrsə Krım Respublikası hakimiyyətinin Ukrayna üzrə sülh danışıqlarında iştirak etməyə hazır olduğunu bəyan edib. "Ölkənin xeyrinə hər şeyi etməyə, o cümlədən danışıqlara hazırıq", deyə Konstantinov qeyd edib.
Rüfət Sultan
Şərhlər